“Neftçi”nin və Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin futbolinfo.az saytına müsahibəsi

– Sabiq komandanız “Neftçi” Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”a 0:4 hesabı ilə uduzdu. “Ağ-qaralar”ın Ağdam klubuna böyük hesabla məğlub olması artıq adi hala çevrilib…

– “Neftçi”də nə baş verdiyini anlamıram. Amma hər kəsə bəllidir ki, klubun işləri qaydasında getmir. Yayda komandaya yeni baş məşqçi və futbolçular cəlb olundu. Başa düşürəm ki, hər bir məşqçi və futbolçuya özünü göstərə bilməsi üçün vaxt verilməlidir. Ancaq çempionatın 7 turu artıq geridə qalıb. Bu, az vaxt deyil. Görünən odur ki, “Neftçi”nin problemləri sadə deyil.

– Cari mövsümdə 7 oyun keçirməsinə baxmayaraq, “Neftçi” hələ də qələbə qazana bilməyib. Yəqin ki, bu cür startı gözləmirdiniz…

– Əlbəttə, gözləmirdim. Oturub düşünmək, problemlərin həlli yollarını tapmaq lazımdır. “Neftçi” toparlanmalıdır. Tez-tez məşqçi və futbolçu dəyişmək heç vaxt effekt vermir. Bunu “Neftçi”də də görürük. Kimi gəldi, komandaya götürmək olmaz. “Neftçi” qələbələri, uğurları haqq edir. Bu cür köklü kluba yeni oyunçular gətirəndə tələsik qərar vermək olmaz. Belə məsələlərdə ehtiyatlı davranmaq, düzgün addımlar atmaq lazımdır.

– Baş məşqçi Roman Qriqorçuk “Neftçi”də hələ heç nə edə bilmir. Sizcə, o, “ağ-qaralar” üçün doğru seçimdir?

– Qriqorçuku bu posta gətiriblərsə, deməli, güvəniblər. O da məşqçi olaraq, üzərinə düşəni etməli, komandanı hazırkı vəziyyətdən çıxartmalıdır. Qriqorçuk ən qısa zamanda tədbir görməlidir. Hələ onda heç nə alınmır. Bu durumun nə qədər davam edəcəyini qarşıdakı turlarda biləcəyik.

– “Neftçi”nin sondan ikinci pillədə olması fiasko deyilmi?

– Hələ mövsümün əvvəlidir. Yəqin ki, komanda turlar keçdikcə bu pillədən qurtulacaq. Amma “Neftçi”nin əvvəlki illərdə bu cür uğursuz startı yadıma gəlmir.

– Azarkeşlər haqlı olaraq “Neftçi”nin çempionluq mübarizəsi aparmasını tələb edirlər. Bəs bu cür oyunla “ağ-qaralar” nəyə ümid edə bilərlər? Gedişat onu göstərir ki, “Neftçi” yenə avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üz-üzədir…

– Razıyam. İndiki vəziyyət xoşbəxt sonluqdan xəbər vermir. Dediyiniz kimi, bu gedişlə avrokuboklara vəsiqə qazanmaq da “Neftçi” üçün çətin olacaq. Bugünlərdə Bakıya gəlmək və “Neftçi”nin oyununa tribunadan baxmağı planlaşdırıram.

CAVAD

Shares: