Azərbaycan atıcıları gənclər arasında dünya çempionatında iştirak edəcəklər.
Futbolinfo.az xəbər verir ki, mundial sentyabrın 26-dan oktyabrın 7-dək Perunun paytaxtı Limada keçiriləcək.
12 gün davam edəcək mötəbər yarışda 51 ölkədən 566 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan turnirdə 7 idmançı ilə təmsil olunacaq.
Milli komandamızın üzvləri Leyli Əliyeva, Vladislav Kalmıkov, Hacı Musayev, Zeynəb Sultanova, Sofiya Barxalova və İmran Qarayev 10 metr məsafəyə pnevmatik tapançadan, 25 və 50 metr məsafəyə kiçikçaplı tapançadan atəş açmaq üzrə güclərini sınayacaqlar.
Nigar Ramazanova isə 10 metr məsafəyə pnevmatik tüfəngdən, 50 metr məsafəyə üç vəziyyətdə tüfəngdən, həmçinin 50 metr məsafəyə uzanaraq tüfəngdən atəş açma yarışlarında ölkəmizi təmsil edəcək.
Qarışıq komanda yarışında Leyli Əliyeva və Vladislav Kalmıkov, Hacı Musayev və Zeynəb Sultanova 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaq üzrə yarışda mübarizə aparacaqlar.