“Tottenhem”ə yaxınlığı ilə bilinən tanınmış ingiltərəli jurnalist Alasdair Qold UEFA Avropa Liqasının I turu çərçivəsində “Qarabağ”la keçiriləcək oyun öncəsi London klubunun hazırkı durumunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, o, İngiltərə klubunun bugünkü qarşılaşmaya çox ciddi yanaşmadığını düşünür.

Qoldun fikrincə, “Tottenhem”in əsas heyət üzvlərinin yarısı gənclər olacaq: “Qarşıda “Mançester Yunayted”, “Brayton” və “Vest Hem”ə qarşı liqa oyunları gözləyir. “Qarabağ”la oyun əsas heyət üzvlərinə istirahət vermək üçün mükəmməl şans olacaq. Şəxsən mən “Qarabağ”la matçda risk görmürəm. Fikrimcə, məşqçilər korpusu təxminən 5 gənc oyunçunu ilk dəqiqələrdən meydana buraxacaq. Hansı ki, onlar B siyahısında sifariş olunublar. “Qarabağ”a qarşı hörmətsizlik etmək istəmirəm. Ancaq unutmayaq ki, Azərbaycan çempionatının iştirakçısı ilə oynayacağıq. Bu mənada hansısa risk, təhlükə görmürəm”.

Qeyd edək ki, bu gün Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Shares: