“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsindəki ilk oyununu bu gün “Tottenhem”ə qarşı keçirəcək. Təmsilçimiz Londondan sərfəli nəticə ilə qayıda bilərmi?

– “Qarabağ”ı “Tottenhem”lə ağır oyun gözləyir. Bilirsiniz ki, yeni formata əsasən, artıq hər komanda ilə bir dəfə qarşılaşırsan və “Tottenhem”lə görüş İngiltərədə keçiriləcək. Real danışsaq, “Tottenhem” bizim üçün başabaş rəqib sayılmır, bizdən yetərincə üstün və keyfiyyətli rəqibdir. Amma “Qarabağ”ın da zəngin avrokubok təcrübəsi var. Bu onu deməyə əsas verir ki, “Qarabağ” “Tottenhem”ə qarşı da öz oyununu göstərə bilər. Səfərdən xalla qayıtmaq üçün komandamızın üzvləri ən yaxşı oyunlarını göstərməlidirlər. Londonda heç-heçə qeydə alınsa, bu, bizim üçün uğurlu nəticə sayılacaq.

– “Tottenhem” “Qarabağ”a tanış rəqibdir. İllər öncə Ağdam klubunun bu komanda ilə avrokubok oyunlarında siz də iştirak etmisiniz. Həmin “Tottenhem” daha güclü idi, ya indiki?

– Bəli, karyeram ərzində “Tottenhem”ə qarşı oynamaq imkanı əldə etmişəm. Həmin matçı yaxşı xatırlayıram. Onda tam başqa heyətləri var idi. Həmin “Tottenhem”lə müqayisə etsək, heyətləri bəlkə də 60-70 faiz dəyişib. Onda tam güclü və keyfiyyətli futbolçulara malik idilər. Onda “Tottenhem”in əksər oyunçuları dünyanın sayılıb-seçilən futbolçularından hesab olunurdu. Amma ildən-ilə futbolun sürəti artır, futbol hər yerdə inkişaf edir. “Tottenhem” də bununla ayaqlaşır. Eynilə “Qarabağ” da bu tempə ayaq uydurmaq istəyir. “Tottenhem”in İngiltərə çempionatında oynaması hər şeyi izah edir. Buna görə də, dediyim kimi, səfərdən 1 xalla qayıtmaq bizim üçün əla nəticə sayılar. Real danışsaq, Londondan qələbə ilə dönmək şansımız azdır. Ancaq “Qarabağ” sürpriz etməyə qadirdir.

– Rəqibin heyətində kim komandamıza problem yarada bilər? Futbolçuların nəzəri “Tottenhem”in daha çox hansı oyunçusunun üzərində olmalıdır?

– Konkret olaraq kimisə fərqləndirmək istəmirəm. İngiltərə klubudursa, deməli, heyətində hər bir oyunçu yüksək səviyyəlidir. Bilirsiniz ki, ingilislər komanda oyununa üstünlük verirlər. Hücuma bir yerdə keçib, müdafiəyə bir yerdə çəkilirlər. Buna görə də rəqibi komanda şəklində yaxşı analiz etməli, “Qarabağ”ın üzvləri ən yaxşı oyunlarını göstərməlidirlər.

– “Qarabağ”ın ümumilikdə Liqa mərhələsindəki şansını necə dəyərləndirirsiniz? Sizcə, Ağdam klubu 8 rəqibindən kimlərə qalib gələcək gücdədir?

– Ümumilikdə, “Qarabağ”ın şansını normal dəyərləndirirəm. 1-2 komandanı çıxmaq şərtilə, digərləri “Qarabağ”ın dişinə görə rəqiblərdir. İnanıram ki, “Qarabağ” növbəti mərhələyə adlaya bilər. Təmsilçimiz buna qadirdir, yaxşı baş məşqçisi və rəhbərliyi var, heyətində yetərli qədər keyfiyyətli futbolçu yer alıb. “Qarabağ” inkişaf etmiş Avropa klubları səviyyəsindədir.

AĞA

Shares: