“Araz-Naxçıvan” klubunun moldovalı qapıçısı Kristian Avramın futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 7-ci turunda Tovuz səfərindən 3 xalla qayıtdınız. Bu, “Turan Tovuz”un cari mövsümdə ilk məğlubiyyəti oldu. Meydanı qələbə ilə tərk edəcəyinizi gözləyirdiniz?

– Qələbə həmişə xoş olur. Əgər liderə qalib gəlirsənsə, bunun əhəmiyyəti daha da artır. Matça yaxşı hazırlaşmışdıq, məşqlərdə var gücümüzlə iştirak etmişdik. Şadam ki, bunun bəhrəsini görə bildik. Biz bütün görüşlərə qələbə məqsədilə çıxırıq.

– Rəqibin hesabı bərabərləşdirdiyi epizodda nə baş verdi? Niyə o cür səhvə yol verdiniz?

– Futbolda arada belə halların baş verməsi mümkündür. Əsas odur ki, buraxdığım səhvdən sonra komanda yoldaşlarım mənə dəstək oldular. Belə anlarda bir-birimizə dayaq durmağı bacarırıq. Dərhal həmin səhvi unudaraq, yenidən oyuna fokuslandıq və bunun faydasını gördük.

– Buraxdığınız kuryoz qoldan sonra yenidən hesabda önə keçəcəyinizə inanırdınız?

– Mən “Araz-Naxçıvan”a həmişə inanıram. Bilirəm ki, komandamız oyunun istənilən dəqiqəsində qol vurmaq potensialına sahibdir. Odur ki, ikinci qolu vuracağımıza şübhə etmirdim.

– Komanda yoldaşınız Ramon Maçadonun rəqib müdafiəçi Roderik Millerə ciddi xəsarət yetirdiyi epizod haqda nə deyə bilərsiniz? Sizcə, həmin anda referi doğru qərar qəbul etdi?

– Bu suala cavabım yoxdur. Çünki epizod məndən çox uzaqda baş verdi. Toxunuşun konkret necə olduğunu görmədim.

– Mövsümə uğurlu başlayan “Araz-Naxçıvan” 6 oyuna 13 xal toplayıb. Bu nəticədən tam razısınız?

– Yaxşı nəticələrə görə ilk növbədə məşqçilərimizə minnətdar olmalıyıq. Uğurlu çıxışımızda onların böyük rolu var. Çox yaxşı məşqlər keçirik, hər bir futbolçu oyunlara hazırlıq prosesində əlindən gələni edir. Bu cür davam etmək, turdan-tura daha da “artırmaq” lazımdır. Daha çox qələbə qazanmaq istəyiriksə, bunları etməliyik.

– Növbəti oyununuz “Səbail”ə qarşı olacaq. “Araz-Naxçıvan”dan fərqli olaraq, rəqib üçün mövsüm uğursuz keçir. Yəqin ki, bu görüşdə sizi ancaq qələbə qane edəcək…

– Rəqibin mövsümü necə keçirməsi ilə bağlı fikir bildirmək mənə düşməz. Onu deyə bilərəm ki, hər komandanın qarşısına tapşırıq qoyulur. Məşqçi heyətimiz rəqiblə bağlı bütün lazımi informasiyaları bizə verib. Baş məşqçimizin tapşırıqlarını tam yerinə yetirməyə, keyfiyyətli oyun göstərməyə çalışacağıq. “Səbail”ə qalib gəlmək istəyiriksə, səhvsiz oynamalıyıq.

– Bugünlərdə Moldova millisinə dəvət almağınız barədə xəbər yayıldı. Millətlər Liqasında Andorra və Malta ilə keçiriləcək görüşlərdə sizi əsas heyətdə görə biləcəyik?

– Hər bir futbolçu milli komandada oynamaq istəyər. Odur ki, yığmaya çağırılmaq mənim üçün xoşdur. Həmişə millinin düşərgəsinə böyük məmnuniyyətlə yollanıram. Bizi iki ağır oyun gözləyir. Çalışacağıq ki, həm Andorra, həm də Malta ilə matçlarda qələbə qazanaq. O ki qaldı əsas heyətdə yer alıb-almayacağıma, həmişə ilk “11-lik”də meydana çıxmaq istəmişəm və buna hazıram. Necə olacağını görəcəyik. Kimlərin oynayacağına baş məşqçi qərar verir.

ABBAS

Shares: