“Tottenhem” dünya səviyyəli komandadır. Onların gücünü hamı bilir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq üzvü Elvin Yunuszadə deyib.

Təcrübəli müdafiəçi keçmiş komandasının bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda səfərdə “Tottenhem”ə qarşı keçirəcəyi oyundan danışıb. 2015-ci ildə “Qarabağ”ın Londona klubuna qarşı oynadığı matçlarda heyətdə olan futbolçu Ağdam klubunun çətin matçdan xalla dönəcəyinə inandığını bildirib: “Bu komandanın heyətində ulduz futbolçular var. Hələ 9 il əvvəl biz onlara qarşı pis oynamamışdıq. Hətta hesabda önə də keçmişdik. Ümumilikdə yaxşı matç alınmışdı. Bu gün də mən “Qarabağ”ın bu cür çətin səfərdən xalla dönəcəyinə inanıram. Bir xal qazanmaq mümkündür”.

Elvin İngiltərə təmsilçisinə qarşı matçın asan olmayacağını başa düşür: “Düzdür, Premyer Liqa komandalarına qarşı oynamaq çox çətindir. Çünki onlar ilboyu yüksək tempdə oynayırlar, çətin liqaları var. “Qarabağ”ın işi çox çətin olacaq. Amma yenə də xal almaq mümkündür. Qurban Qurbanovun komandası belə rəqiblərlə oynaya bilir və bunu bacarır. O vaxt da hər iki matçda yaxşı müqavimət göstərmişdik. Bakıda son dəqiqələrdə qol buraxmışdıq”.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” görüşü bu gün saat 23:00-da başlayacaq.

Shares: