“Müdafiədəki boşluqlar, adi epizotda top itkiləri, komandanın buraxdığı qollar, hücum xəttindəki dişsizliyə görə düşünmürəm ki, “Qarabağ” bu gün “Tottenhem”lə açıq futbola getsin. Sadəcə, mübarizə matç keçəcəyinə inanıram”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında təcrübəli məşqçi Tərlan Əhmədov deyib.
Əhmədov “Qarabağ”da keçən ilə nisbətən geriləmə olduğunu bildirib:
“Rəqib İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem”dir, amma hazırda çempionatlarında 10-cu pillədə qərarlaşıb. Lakin komandanın oyununa baxanda görürük ki, çox böyük gücə və təcrübəyə malikdir. Təmsilçimiz üçün asan olmayacaq. Amma “Qarabağ”dan gözləntilərimiz odur ki, mübarizəli, yaxşı oyun nümayiş etdirsin. Çünki heyətləri hələ tam formalaşmayıb. Keçən ilə nisbətən geriləmələr var. Ötən mövsüm komanda daha kompakt və maraqlı oynayaraq, rəqibləri təzyiq altında saxlayırdı. Buna görə də baxımlı oyun nümayiş etdirərək, istədikləri qədər qol vura bilirdilər. Bu il daxili çempionat da daxil olmaqla, “köhlən atlar” müdafiədə xeyli boşluqlar buraxırlar. “Dinamo”ya (Zaqreb) qədər normal futbol nümayiş etdirsələr də, o matçdan sonra eniş hiss olunur. Hücum xəttində də boşluqlar var. Yetəri qədər qol imkanları yaransa da, bunu qola çevirə bilmirlər. Müdafiədəki boşluqlar, adi epizodda top itkiləri, komandanın buraxdığı qollar, hücum xəttindəki dişsizliyə görə düşünmürəm ki, “Qarabağ” bu gün “Tottenhem”lə açıq futbola getsin. Sadəcə, mübarizəli matç keçəcəyinə inanıram. İlk 15-20 dəqiqə dözə bilsə, əks hücumlarda çıxış edəcək. İllərdir Qurban Qurbanovun əks hücum taktikasının daha mükəmməl olmasının şahidi olmuşuq. İşimiz çətindir. “Tottenhem”in gücünə bələdik. 10-cu pillədə qərarlaşmaqlarına baxmayaraq, hücum xəttində çox mükəmməldirlər. Komandada səviyyəli, adlarından söz etdirən və Avropada seçilən futbolçular var. Hansı ki, oyunun müqəddəratını dəyişə biləcək gücə sahibdirlər. Hücum xəttində aqressivdilər. Ona görə də “Qarabağ” yalnız əks hücumda nəsə edə bilər. Qarşıdakı 8 oyunun heç biri asan olmayacaq. Bu gün çalışıb səhv etməməliyik. Amma futbol səhvlər üzərində qurulmuş oyundur. Rəqib hər zaman yanlış etməyə məcbur edir. “Tottenhem” ilk dəqiqələrdən təmsilçimizi təzyiq altında saxlayıb, məsələni tez həll etməyə çalışacaq. Çünki qarşıda çempionat oyunları da var. Deyərdim ki, onlar İngiltərə Premyer Liqasını digər turnirlərdən daha üstün tuturlar. Bu həyatda mümkünsüz heç nə yoxdur. Təmsilçimizin səfərdən ən azı 1 xalla qayıtmasını arzulayıram”.
GÜNAY SÜLEYMANOVA