27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiram əlaməti olaraq qeyd edilir.

Azərbaycan xalqı həmin səhəri müharibə xəbərləri ilə açdı. Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusu əks-hücumla 44 gün ərzində uzun illər işğal altında qalan ərazilərimizi azad etdi.

Heç kəsə sirr deyil ki, 44 günlük İkinci Vətən Müharibəsində əldə olunan qələbələrdə idmançılarımızın da payı az olmadı. Hər zaman beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran çempionlarımız bu dəfə işğal altında olan əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar.

Vətən Müharibəsində idman ictimaiyyətinin 500-ə yaxın üzvü iştirak edib. Onlardan 390-ı könüllü, 33-ü hərbi xidmətə çağırılmaqla, 23-ü isə hərbçi kimi döyüşlərə qatılıb. Onlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, şəhər və rayon gənclər və idman idarələrinin, gənclər evlərinin, Olimpiya idman komplekslərinin əməkdaşları, müxtəlif idman növləri üzrə idmançılar və idman jurnalistləridir.

Vətən Müharibəsində idman ictimaiyyətindən 54 nəfər şəhidlik zirvəsinə yüksəlib, döyüşlər zamanı 67-si yaralanıb, 8-i isə sağalaraq yenidən cəbhəyə qayıdıb.

Azərbaycan xalqı şəhidlik zirvəsinə çatan övladların borcunu heç bir zaman qaytara bilməyəcək. Onların hər biri bu Vətənin igidləridir. Hər birinin ayrı-ayrılıqda həyat yoluna nəzər saldıqda birəsərlik süjet xəttini görmək mümkündür. Onların şücaətləri nəinki Vətənin xilas edilməsinə xidmət etmiş, həmçinin gələcək müəlliflər üçün yaradıcılıq bazası yaratmışdır. Bu gün onlar haqqında yazıları oxuduqda, sənədli filmləri izlədikdə göz yaşlarını saxlamaq mümkün olmur. Şəhidlər haqqında ən təsirli sözləri isə, heç şübhəsiz, valideynləri, xüsusilə də anaları söyləyirlər.

“Telman evimin ağsaqqalı idi”.

“Nəriman mənim arzularım idi”.

“Akademiyanın yanından keçəndə hələ də gözüm onu axtarır”.

“O uşaqlar olmasa, yaşamaq istəməzdim”.

“Özümü inandırmağa çalışıram ki, Muxtar hələ də sağdır”.

“Bizim yaxşı günlərimiz onunla getdi”.

“Kaş ki diplomunu bircə dəfə istifadə edə biləydi”.

“Sən demə, insan baladan da yetim qalarmış”.

Bu sözlər şəhid analarının bir qisminin sözləridir. Bu sözləri rahat oxumaq mümkün deyil. Hər birində bir nisgil, bir qürur, bir ölmüş həyat eşqi və bir ağrı var.

132419953 1657240344456589 5956726262611360430 n - Futbolinfo.az

44 günlük müharibə Azərbaycan xalqına, bəlkə də, birəsrlik həssas anlar bəxş edib. İnsanların saflaşmasında, millətin birləşməsində bu günlərin xidməti əvəzsizdir. Heç bir şüar, təntənəli sözlər həmin dövrdə baş vermiş hadisələr kimi insanlara təsir edə bilməz.

“Anamdan muğayat olun”.

“Torpaqları alıb gələcəyəm”.

“Məndən nigaran qalmayın”.

“Fuadın da, sənin də üzündən öpüb gedirəm”.

Şəhid olmuş igidlərimizin dilindən çıxan sözlərin məcmuəsini buraxmaq asan məsələ deyil. Onların bəzilərinin son sözlərinin nə olduğunu da bilmirik. Lakin bircə onu söyləmək olar ki, dedikləri sözlər min filosofun kəlamından daha safdır.

Şahid və şəhid eyniköklü sözlərdir. Hər ikisi görmək kökündən götürülüb. Şəhidlik nədir? Şahid olmaq. Nəyin şahidi olmaq? Bəlkə, Allahı görməkdir. Deməli, Allahı şəhid olanlar görürlər. Yaradılışın ən böyük hədiyyəsini bizim şəhidlərimiz qazanıblar. Allah rəhmət eləsin!

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az

Shares: