AFFA Hakimlər Komitəsi özü-özünü ifşa edir. Bu qədər söz-söhbət, narazılıq varkən, qurum “Araz-Naxçıvan”ın sifarişlərini yerinə yetirməkdən çəkinmir.

Ötən tur Elçin Məsiyevin Tovuzda çıxartdığı hoqqadan sonra qurumun içində əyləşib muxtar respublika təmsilçisinin sahibi Zaur Axundova qulluq edənlərin özünü yığışdıracağını güman edirdik. Yanılmışıq. Bu komandanı avrokuboklara dartmaq istəyənlər heç nəyə baxmadan öz işlərinə davam edirlər. Deməli, bu dəfə haqqının tapdalanması növbəsi “Səbail”dədir.

Bu gün Misli Premyer Liqasının 8-ci turunun açılış matçında “Araz-Naxçıvan” “Səbail”i qəbul edəcək. Oyunuun idarəçiliyi Elçin Məsiyev və Cavid Cəlilov kimi Axundovun əmrlərinə amadə olan daha bir hakimə – Rauf Allahverdiyevə tapşırılıb.

Əmin olun ki, bu hakim naxçıvanlılara kömək üçün nəsə fikirləşəcək. Bəlkə də hamının aşkar görəcəyi qərəzə yol verməyəcək, işi penalti, qırmızı vərəqə və s. ilə bitirməyəcək, amma oyun epizodunda xırda follarla qonaqların əsəbi ilə oynayacaq, onları səhvə məcbur edəcək.

Bu təyinatı şübhəli edən səbəblər var. Və bunun ən başında elə ötən tur başverənlər durur. Elçin Məsiyev “Turan Tovuz”la matçda naxçıvanlıların oyunçusuna layiq olduğu qırmızı vərəqəni verməyəndə VAR-da məhz Rauf Allahverdiyev əyləşmişdi. İndi o, “Araz-Naxçıvan”a yardım üçün baş hakim kimi göndərilib.

raufallahverdiyevhakim1723186672 - Futbolinfo.az

Əcəba, niyə? Ölkədə başqa hakim yoxdurmu ki, eyni adam ardıcıl 2 turda naxçıvanlıların matçına göndərilir? 8-ci turda 2 matçda VAR hakimi olacaq Əliyar Ağayevi bu oyuna təyin etmək olmazmı? O, eyni zamanda digər FIFA referisi Kamal Umudlu, daha bir təcrübəli hakim Rauf Cabbarov, Rəşad Əhmədov, Tural Qurbanov 8 tur ərzində bu komandanın matçına əsas referi kimi təyinat almayıb. Onlar qala-qala ötən həftə qalmaqallı qərara imza atanlardan birinin eyni komandanın ardıcıl 2 qarşılaşmasına göndərilməsinin arxasında kim dayanır?

Bir oyunu təxirə salınan “Araz-Naxçıvan”ın 7 matçının 4-də Cavid Cəlilov briqadada olub – birində baş, üçündə VAR hakimi kimi (həm də 4, 5, 6-cı turlarda ardıcıl)… Elçin Məsiyev 3 dəfə baş hakim kimi naxçıvanlıların görüşünə göndərilb, bir matç ertələndiyindən digərlərində söz sahibi olub. Sözügedən hakimlər statistika ilə ifşa olunduğundan, indi Rauf Allahverdiyev xüsusi tapşırıqla döyüşə atılır.

Bu təyinatları kim verir; hesabatı kim istəyir; hakimlərin kurasiyasının tapşırıldığı icraçı vitse-prezident Sərxan Hacıyev hara baxır? Yoxsa hamı bir klub rəhbərinin nazını çəkmək, komandasını yuxarılara yüksəltmək üçün səfərbər olub? AFFA prezidenti Rövşən Nəcəf, İcraiyyə Komitəsində nüfuz sahibi olan və futbolun inkişafında roluna ümid etdiyimiz Balakişi Qasımov, Klublar Komitəsinin sədri Maqsud Adıgözəlov niyə yatıb? Siz də Axundova xidmət edirsiz?

FƏRİD

Shares: