“Turan Tovuz” klubunun futbolçusu Ayxan Quseynovun futbolinfo.az saytına müsahibəsi
– Söhbətə Misli Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan”a uduzduğunuz (0:1) oyundan başlayaq. Bu, cari mövsümdə ilk məğlubiyyətiniz oldu. Doğma meydanda qeydə alınan yenilginin səbəbini nədə görürsünüz?
– “Araz-Naxçıvan” hazırda yaxşı formadadır. Düşünürəm ki, bizimlə müqayisədə rəqib meydana daha motivasiyalı çıxmışdı. Bu görüşdə kobud səhvlərə yol verdik. Həmin səhvlər isə qapımıza vurulan qollarla nəticələndi. Bundan sonra nə qədər çalışsaq da, məğlubiyyətdən xilas ola bilmədik.
– 68-ci dəqiqədə əvəzlənməyiniz nə ilə bağlı idi?
– Hesabda geridə idik və hücum xəttini canlandırmaq lazım idi. Baş məşqçi yorulmağa başladığımı gördü və məni əvəzlədi. Bu matçadək uzun müddət idi ki, meydanda çox vaxt keçirmirdim. Yorulmağım bununla bağlı idi.
– “Turan Tovuz” 7 turdan sonra 14 xal toplayıb. Komandanızdan bu cür uğurlu start gözləyirdiniz?
– Sözsüz ki, turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmaq çox xoşdur. Yaxşı seriya yaxalamışdıq, qələbələri sıralayırdıq. Əfsuslar olsun ki, bu seriyanı çox davam etdirə bilmədik. Çalışmalıyıq ki, komanda qalxdığı səviyyədən düşməsin.
– Növbəti turda sizi sabiq məşqçiniz Ayxan Abbasovun çalışdırdığı “Şamaxı” komandası ilə oyun gözləyir. Şansları necə dəyərləndirirsiniz?
– “Şamaxı” hazırda keyfiyyətli futbol sərgiləyir. Üstəlik, onlar matçın ev sahibi olacaqlar. Bu mənada, bizi çox ağır səfər gözləyir. “Şamaxı” ilə oyuna yaxşı hazırlaşmalı, hər vəziyyətə hazır olmalıyıq.
– Fərdi olaraq öz oyununuzdan tam razısınız?
– Xeyr, razı deyiləm. Hələ üzərimdə çox işləməliyəm. Oyunçu keyfiyyətlərimi daha da yaxşılaşdırmalı, həm hücumda, həm də müdafiədə daha faydalı olmalıyam.
– Necə düşünürsünüz, “Turan Tovuz” mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandaların sırasında olmağı bacaracaq? Yoxsa hazırkı heyətlə bunun çətin olacağı qənaətindəsiniz?
– Rəhbərlik qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyub. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Başa düşürük ki, bu missiyanı reallaşdırmaq çətin olacaq. Amma mümkünsüz heç nə yoxdur, qarşımıza qoyulan tapşırıq real gücümüz daxilindədir.
ABBAS