“Araz Naxçıvan” yuxarı pillədə qalmaq, “Səbail” isə xal ehtiyatını artırmaq üçün mübarizə aparacaq”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında Ceyhun Sultanov deyib.
O, bu günkü oyunun hər iki komanda üçün əhəmiyyətli olduğunu bildirib:
“Çox vacib oyundur. “Araz Naxçıvan” yuxarı pillədə qalmaq, “Səbail” isə xal ehtiyatını artırmaq üçün mübarizə aparacaq. Çətin qarşılaşma olacaq. Lakin burada şanslar “Araz Naxçıvan”dan yanadır. Çünki onların heyəti “Səbail”in heyətindən daha üstündür. Düşünürəm ki, bu oyunun favoriti Naxçıvan təmsilçisidir”.
Ceyhun bəy Premyer Liqada 8-ci turun turun digər matçlarına da toxunub. O, “Zirə” – “Kəpəz” matçında isə “qartallar”ı oyunun favoriti olaraq görür:
“Oyunda favoriti “Zirə”dir. Komanda baxımından “Kəpəz”dən üstündürlər. Azər Bağırovun komandası da xal almaq üçün çalışacaq. Lakin işləri bir az çətindir”.
Sultanov heyət baxımından “Neftçi”nin üstün göründüyünü desə də, “Sumqayıt”ın təslim olacağına inanmır: “Burada da iki klubun vəziyyəti elədir ki, ikisi üçün qələbə qazanmaq vacibdir. Heyət baxımından “Neftçi” üstün görünsə də, “Sumqayıt”ın təslim olacağına inanmıram. Gərgin mübarizə gedəcək”.
Həmsöhbətimiz “Şamaxı” – “Turan Tovuz” matçını məşqçilərin qarşılaşması adlandırıb: “Bu oyun məşqçilərin qarşılaşması olacaq. Hər iki komandanın oyun üslubu sistem olaraq eynidir. Maraqla gözlənilən qarşılaşmadır. Amma bu matçda favorit görmürəm”.
Daha sonra “Qarabağ” – “Sabah” qarşılaşmasından danışan Ceyhun bəy “Ağdam təmsilçisi”nin ağır Avroliqa oyunundan çıxdığı üçün yorğun olacağını düşünür: “Favorit “Qarabağ” görünsə də, onlar Avroliqada ağır matçdan çıxıblar. Ona görə də yorğunluq olacaq. Məncə, bu qarşılaşama da gərgin keçəcək”.
GÜNAY SÜLEYMANOVA