“O günlər həqiqətən ilk gün kimi yaddaşımdadır. Hər bir Azərbaycanlı kimi mən də torpaqlarımızın azad oluması üçün əmək sahibi olmaq isətyirdim. Çünki bizlər illər boyu düşmənlərimizin bizə qarşı etdiyi amansız cinayətləri görərək böyüyən nəsilik. Ona görə də sentyabrın 29-da mən də hamı kimi müharibəyə yollandım”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında FIFA referisi Kamal Umudlu deyib.
Umudlu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən danışıb. O, cəbhəyə yollanmasından da söz açıb: “Əslində, həqiqi hərbi xidmət dövründə artileriyaçı olduğum üçün müharibədə də artileriyaçı kimi xidmət etdim. Artileriyaçı olaraq arxa cəbhədə olduğum üçün döyüşlərin qızğın nöqtələrində iştirak etməmişəm. Amma yadımda qalan hadisə kimi ərdədə və Mingəçevirdə tamamlama mərkəzində olarkən, olduğumuz ərazilərin düşmən tərəfindən vurulması zamanı qısa müddət əvvəl ordan çıxmağımızı deyə bilərəm. Bəlkədə vaxtında ordan çıxarılmasaydıq, itkilərimiz dahada çox olardı”.
Kamalın hələ də unuda bilmədiyi məqamlar var: “Unutmadığım 2 nüans var ki, orada olduğumuz zaman hər gün yaxınımızda olanların bəzilərinin yaralı və ya şəhid olması xəbəri gəlirdi. Şəhidlərin arasında xalam oğlu Əlizamin Mustafalı da var idi. Bizimlə döyüşə yollanan yoldaşlarımızdan Xəqani Səfərli hələ də itkin düşmüş şəxslər siyahsındadır”.
Umudlu Anım Günündə kədərli, eyni zamanda qürurludur: “Bu gün hər bir Azərbaycanlı kimi mən də qürur hissi keçirirəm ki, torpaqlarımız tam olaraq düşmən işğalından azad olub və biz suverenliyimizi bərpa etmişik. Bütün dünya artıq Azərbaycanın necə güclü dövlət olduğunu bilir. Hər zaman dediyim kimi, bu, Ali Baş Komandanın güclü siyasətinin nəticəsi, ön cəbhədə vuruşan şəhidlərimizin, əsgərlərimizin, qazilərimizin və ilk gündən son günə qədər bir yumruq olan xalqımızın əziyyəti və qələbəsidir”.