Dünyanın səkkizinci raketkası, polşalı tennisçi Hubert Hurkaç oktyabrın 2-dən 13-dək Şanxayda keçiriləcək “Masters” seriyalı turnirində iştirakdan imtina edib. Bu barədə “X Entry List Updates” sosial şəbəkə hesabı məlumat yayıb. Turnirdə onu avstraliyalı tennisçi Kristofer O’Konnell əvəzləyəcək.

2023-cü ildə Hubert Hurkaç Şanxayda keçirilən turnirin qalibi olub. O, finalda gərgin keçən qarşılaşmada rusiyalı Andrey Rublyova qalib gəlib – 6:3, 3:6, 7:6. Bu il çıxış etməyəcəyinə görə, polyak 1000 reytinq xalı itirəcək və böyük ehtimalla ilk 10-luğu tərk edəcək.

Tennisçinin imtinasının səbəbi açıqlanmır. Xatırladaq ki, polşalı idmançı hazırda Tokioda davam edən turnirdə çıxış edib və ikinci mərhələdə britaniyalı Cek Dreyperə uduzub (4:6, 4:6).

Əlavə edək ki, Şanxay turnirində ondan başqa Novak Cokoviç, Aleksandr Zverev və Qriqor Dimitrov da iştirak edə bilməyəcəklər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp