“Qarabağ” klubunun sabiq müdafiəçisi Zaur Həşimovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasında Liqa mərhələsinə məğlubiyyətlə başladı. Halbuki komandamız səfərdə xeyli sayda qol imkanı yaratdı. Sizcə, “Qarabağ” rəqibinə nədə uduzdu?

– Bəli, “Qarabağ” “Tottenhem”ə qarşı İngiltərədə layiqli mübarizə apardı. Təəssüf ki, oyunun nəticəsi xeyrimizə olmadı. Bunun da bir neçə səbəbi var. İlk öncə komandanın avtobusla oyuna gələrkən 2 saatdan çox tıxacda qalmasını qeyd edərdim. Keçmiş futbolçu kimi deyə bilərəm ki, 2 saat avtobusda oturub, hazırlıqsız oyuna çıxmaq həm fiziki, həm də psixoloji gərginlik yaradır. Bundan başqa, ilk qolu adi səhvdən buraxmağımız, qaçırılan penalti də nəticəyə təsir etdi.

– Matçın əvvəlindən 10 nəfərlə qalan “Tottenhem”in yekunda 3:0 hesablı qələbə qazanacağını gözləyirdiniz?

– “Tottenhem” azlıqda qalandan sonra bizim ən azı 1 xala ümidimiz yarandı. Amma yenə də rəqibin kimliyini, hansı çempionatda çıxış etdiyini nəzərə almaq lazımdır. İngiltərə Premyer Liqasında yarışan komandaya qarşı oynayırdıq. “Tottenhem”in, eləcə də Premyer Liqanın səviyyəsi hər kəsə bəllidir.

– Matçda penalti vurmaq hüququ qazansaq da, ondan da yararlana bilmədik. Toral Bayramov niyə penaltini qola çevirə bilmədi? Ümumiyyətlə, azərbaycanlı futbolçuların penaltini qaçırması adi hal olub. Bunun səbəbini nədə görürsünüz?

– Penalti yerinə yetirən oyunçunun psixoloji durumu çox möhkəm olmalıdır. Bunu azərbaycanlı və ya legioner futbolçuya bağlamaq istəmirəm.

– “Qarabağ”ın Liqa mərhələsindəki şansını ümumilikdə necə dəyərləndirirsiniz? Sizcə, təmsilçimiz Avropa Liqasında pley-offa yüksələ biləcək?

– “Qarabağ” Avropada illərdir təcrübə toplamış komandadır. Fikrimcə, Avropa Liqasının yeni formatında da layiqli çıxış edəcək. “Qarabağ”ın növbəti mərhələyə çıxmaq şansının olduğunu düşünürəm.

– Liqa mərhələsi haqda fikriniz necədir? Bu formatı bəyənirsiniz?

– Məncə, 3 ay ərzində eyni komanda ilə 2 dəfə oynamaqdansa, ayrı-ayrı komandalarla 8 görüş keçirmək daha maraqlıdır. Şəxsi fikrim belədir ki, indi daha maraqlı matçlar izləyəcək və gərgin mübarizəyə şahidlik edəcəyik. Mən yeni formatı çox bəyənirəm.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp