“Neftçi” rəhbərliyinin səbrinə heykəl qoymaq lazımdır. Ölkənin ən böyük büdcəli komandası mövsüm ərzində qələbə qazanmayıbsa, 8 oyuna cəmi 5 xal toplayıbsa, baş məşqçi Roman Qriqorçuk çoxdan Ukraynaya göndərilməli idi. Lakin əcnəbi çalışdırıcı postunda əyləşib və aradabir üzr istəməklə, utamdığını deməklə hamını yola verir.

Qriqorçuka kfayət qədər zaman verildi. Onun komandası məğlubiyyətlərə adət atmiş “Sumqayıt”ı da öz evində uda bilmədisə, deməli, artıq bu adama güvənməyin mənası yoxdur. Ukraynalı “Neftçi”lik məşqçi deyil. Ona hətta istədiyi heyəti qurmaq, transferlər etmək üçün də kifayət qədər imkan yaradıldı. Olmayanda olmur, dirəşməyin, özünü aldatmağın mənası yoxdur.

Növbəti turda rəqib olan autsayder “Kəpəz”i də yenə bilməyəndə yəqin Romanın romanı bitəcək. Amma doğrusu, hətta gəncəlilər məğlub edilsə belə, gözləməyə dəyməz. Çünki Qriqorçuk komandanın ruhunu əlindən alıb, “Neftçi” futbol oynamır. Samir Abasov məhdud heyətə bakılılardan daha yaxşı futbol oynatdısa, düşünməyə dəyər.

Lider “Araz-Naxçıvan”dan 11, ehtiyatda 2 oyunu olan “Qarabağ”dan 10 xal geridə olan “Neftçi” üçün artıq avrokubok xəyalı da qışa kimi bitə bilər. Ehtiyatda oyunu olan 5 komandadan azı 3 qələbəlik məsafədə olan paytaxt təmsilçisi tarixi boyunca belə biabırçı vəziyyətə düşməmişdi.

66f84b676a7aa88 - Futbolinfo.az

Bu gün “Neftçi” son pillədə deyilsə, “Səbail”lə “Kəpəz”ə minnətdar olmalıdır. Bayıl təmsilçisi “Araz-Naxçıvan”la görüşdə əvvəllər öyündüyü yaxşı futbolu da nümayiş etdirə bilmədi, layiqli qələbə qazanan muxtar respublika təmsilçisi zirvəyə yüksəldi. Gəmcəlilər isə səhv seçimləri üzündən hələ də xalsızdır. Adil Şükürov yanlış transferlərlə komandanı miskin duruma saldı, rəhbərliyin onu əvəzləməyə gətirdiyi Azər Bağırov isə belə böhranlı vəziyyəti düzəldəcək biri deyil. O da eyni səhvləri edir və “Səbail” imkan versə, qərblilərin I Liqaya düşəcəyi dəqiqdir.

İstənilən halda, yenə də ən bərbad durumda olan komanda “Neftçi”dir. Autsayder qonşularının ikisinin birgə büdcəsinin 3 qatına sahib bakılılar bu durumda olmamalıdır. Çempionluq mübarizəsi elə ilk dövrədəcə bitib, ən azı avrokuboklara vəsiqə qazanmaq üçün islahatlar yubanmamalıdır. “Kəpəz”lə matç ya dönüş, ya şokdan oyanış qarşılaşması olmalıdır.

FƏRİD

Shares: