“Sabah” da “Qarabağ”ı dayandıra bilmədi. Ağdamlıların avrokubok matçları arasında qarşılaşdığı Masazır təmsilçisi rəqibin yorğunluğundan istifadə etməyi bacarmadı.
Əslində, Qurban Qurbanov meydana elə heyət buraxmışdı ki, qonaqlar xala ümidlənməli idi. Lakin çempionun ikinci heyəti də amansız oldu. 17-ci dəqiqədə hesabın 3:0-a çatdığını nəzərə alsaq, “mərkəzi oyun” “formal oyun”a çevrilmişdi. Amma fasilə ərəfəsində və ikinc hissənin əvvəlində 2 qol vuran “bayquşlar” matça intriqa gətirə bildi. Qurbanov əsas oyunçuları döyüşə atdıqdan sonra isə qələbə hesabını qorumaq mümkün oldu.
“Sabah” cari mövsümdə yalnız “Qarabağ”dan az qol vurub. Amma komanda müdafiə planında cddi problem yaşayır. Təsəvvür edin, ağdamlıların top fərqində müsbət saldosu 13-dür, “Sabah” isə 14 top buraxıb. Masazır təmsilçisi yalnız son iki pillənin sahibi ilə müqayisədə az top buraxıb. Bu, komandanın qeyri-sabitliyinin əsas səbəbidir. Hücumdakı yaxşı oyunun davamı arxa xətdə gəlmədiyindən, komanda turnir cədvəlinin ortalarına sürüşüb.
“Qarabağ” həm liderdir, həm də ehtiyatda daha bir oyunu var. Əsas rəqib olan “Neftçi”dən 13 xal uzaqda olmaq müəyyən arxayınlıq yarada bilər, amma ağdamlılar hətta çətin qrafikdə də büdrəmirsə, deməli, fərqi artırmaq niyyətindədir və turnir cədvəlinin sürpriz liderlərindən uzaqlaşmağa tələsir. Bu baxımdan digər əsas rəqib “Sabah”ı şəxsi dueldə yenmək qeyd olunmalıdır.
“Turan Tovuz”un enişi də qeyd olunmalıdır. Mövsümə fırtına kimi başlayan qərblilər zirvədə çox qala bilmədi. Komandanın heyət potensialının buna imkan verməyəcəyi aydın idi və artıq 3 turdur Kurban Berdıyevin yetirmələri qələbəyə həsrətdir.
Dünən Şamaxıda son dəqiqələrdə vurulan qol tovuzluların daha aşağı enməsinə mane oldu. Bəlkə də bu an böhrandan çıxmağın başlanğıcı olacaq. Amma komandanın əvvəlki qədər yaxşı oynamadığı bəllidir, rəqiblər Berdıyevn oyun dəst-xəttini çözüb. Rusiyaı mütəxəssisin sələfi olan Ayxan Abbasovun gördüyü iş isə alqışlanmalıdır. O, Premyer Liqaya dönən, autsayder olacağı gözlənilən bölgə təmsilçisini qısa müddət içində döyüşkən kollektivə çevirməyi bacardı. Erkən qolla hesabda geri düşən, amma təslim olmayan “Şamaxı” önə keçməyi də bacardı. Son saniyələrdəki penalti qolu isə komandanın məğlubiyyətsizlik seriyasını qırmadı.
“Şamaxı” son pillədən 12, 2-ci yerdən 4 xallıq məsafədədir. Məqsədi Premyer Liqada qalmaq olan bölgə təmsilçisinin rəhbərlyi belə vəziyyəti yalnız arzulaya bilərdi. İndi tempi qorumaq, ən azı 7-ci pillə ilə 5 xallıq fərqi qorumaq tələb olunur. Qışa kimi belə davam etsə, bölgə təmsilçisinin iştahı arta da bilər. Oyunçu potensialının nəyə kifayət edəcəyini zaman göstərəcək.
FƏRİD