Minsk “Dinamo”sunun futbolçusu Aleksandr Saçivko UEFA Konfrans Liqasındakı şanslarını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ev oyunlarını Sumqayıtda keçirmələrinə də münasibət bildirib.
O, bunun mənfi və müsbət tərəflərini açıqlayıb: “Ev oyunlarını Azərbaycanda yox, öz meydanımızda keçirsəydik, “Dinamo” üçün daha yaxşı olardı. Azarkeşlərimizin dəstəyi ilə nəticələr indikindən daha yüksək olardı. Prinsipcə, tamaşaçısız oynamağa öyrəşmişik. Artıq neçə ildir belə davam edir. Təəssüf ki, hələlik dəstəksiz oynamaqda davam edəcəyik. Digər tərəfdən Konfrans Liqasında Liqa mərhələsinə düşməklə avrokuboklarda hədəfimizə çatmışıq. Üzərimizdə təzyiq və gərginlik olmadığından, bu mərhələdə daha rahat oynayacağıq. Ən yaxşı 24 komanda sırasına düşə bilərik”.
Qeyd edək ki, Belarus klubu ilk oyununu oktyabrın 3-də Şotlandiya təmsilçisi “Harts”a qarşı keçirəcək. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.