Misli Premyer Liqasının 8-ci turu ilk növbədə məhsuldarlığı ilə yadda qaldı. Təsadüfi deyil ki, bu turda ölkə çempionatında 2024/2025 mövsümünün məhsuldarlıq rekordu qeydə alındı. 5 görüşdə qapılara ümumilikdə 19 qol vuruldu, nəticədə orta məhsuldarlıq 3,80-ə bərabər oldu.

“Səbail”in tək təsəllisi

Tur “Araz-Naxçıvan” – “Səbail” matçı ilə start götürdü. Hazırda yaxşı formada olan Naxçıvan təmsilçisi mövsümü uğursuz keçirən “dənizçilər”lə dueldə əbəs yerə favorit sayılmadığını təsdiqlədi. Düzdür, hesabı açan tərəf “Səbail” oldu. Şahin Diniyevin komandası ilk hissənin son dəqiqəsində fərqlənsə də, üstünlüyü çox davam etdirə bilmədi. İkinci hissədə əla başlayan “Araz-Naxçıvan” qısa zamanda 2 qol vuraraq, vəziyyəti öz lehinə dəyişdi. Matçın sonlarında komandalar hərəyə daha 1 dəfə fərqləndilər. Bu isə yekunda “Araz-Naxçıvan”ın 3:2 hesablı qələbəsini rəsmiləşdirdi.

Bu, “qırmızı-ağlar”ın cari mövsümdə 5-ci qələbəsi oldu. Xallarının sayını 16-ya çatdıran və turnir cədvəlində təkcə “Qarabağ”dan geri qalan Elmar Baxşıyevin komandası 2-ci turdan etibarən məğlubiyyətin nə olduğunu bilmir. 9-cu pillədə ilişib qalan “Səbail” isə ardıcıl 3-cü, ümumilikdə 6-cı yenilgisini alıb. Diniyev indiki halda yalnız məğlubiyyətlərin minimalhesablı olması ilə təsəlli tapa bilər.

“Kəpəz”in 8-ci, Bağırovun 3-cü məğlubiyyəti

“Kəpəz”i qəbul edən “Zirə”nin asanlıqla qələbə qazanacağı gözlənilirdi, elə də oldu. Cari mövsümdə qələbə bir yana, xal üzünə də həsrət qalan gəncəlilərin uğursuz seriyası bu görüşdə də davam etdi. İlk dəqiqələrdən üstünlüyü ələ alan meydan sahiblərinin heyətində xüsusən Rafael Utziq fəal idi. Fasiləyədək hesabın açılmasında da məhz o, böyük rol oynadı. Utziq cinahdan uzun reyd edərək Ceyhun Nuriyevə elə ötürmə verdi ki, sonuncuya topa başla toxunmaq qaldı.

İkinci hissənin əvvəllərində 6 dəqiqəyə daha 2 qol vuran “Zirə” rahat qələbə qazandı. Bununla da “Kəpəz”in ardıcıl məğlubiyyət seriyası 8-ə çatdı. “Sarı-göylər” bu yenilgilərdən 3-nü hazırkı baş məşqçisi Azər Bağırovun gəlişindən sonra alıb.

Bu cür davam edəcəyi halda, “Kəpəz”in Premyer Liqada qalması ancaq möcüzə sayəsində ola bilər. Gəncə təmsilçisi elitadakı yerini qorumaq istəyirsə, “Səbail”in özünə gəlməməsindən faydalanmalıdır. “Dənizçilər”in nəticələri düzələcəyi halda, “Kəpəz”in I Liqaya düşməsi qaçılmaz olacaq.

“Neftçi”nin bitməyən qələbə həsrəti

Mövsümü uğursuz keçirən 2 komandanın – “Neftçi” və “Sumqayıt”ın görüşündə hansı nəticənin qeydə alınacağı maraq doğururdu. Yenilənmiş “Neftçi Arena”da rəqibini qəbul edən “ağ-qaralar” tilsimi qırmaq, cari mövsümdə ilk qələbələrini qazanmaq istəyirdilər. Öz növbəsində “Sumqayıt” da ardıcıl 4 oyunluq məğlubiyyət seriyasına son qoymaq niyyətində idi.

Tərəflərin cəhdlərinə baxmayaraq, ilk hissədə hesab açılmadı. Fasilədən sonra oyunun tempi bir qədər də artdı. Nəhayət, 70-ci dəqiqədə hesab açıldı. Elvin Bədəlovun əla ötürməsindən sonra Cordan Rezabala dəqiq zərbə ilə toru silkələdi.

“Sumqayıt”ın hesabdakı üstünlüyü cəmi 6 dəqiqə çəkdi. Kilan Lebon və Ervin Koffinin iştirakı ilə qurulan hücumu müdafiəçi Yuri Matias dəqiq baş zərbəsi ilə tamamladı. “Neftçi” az sonra qələbə qolunu da vura bilərdi. Di gəl ki, Azərbaycana bəh-bəhlə gətirilən Dembo Darbo yaxın məsafədən fərqlənməyi bacarmadı. Onun zərbəsinə “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov əla reaksiya göstərdi.

“Sumqayıt” 4 oyunluq məğlubiyyət seriyasını sona çatdıra bildi, ancaq “Neftçi”nin qələbə həsrəti bitmir ki, bitmir. Roman Qriqorçuk mövcud vəziyyətdən çıxış yolunu tapmaqda acizdir. “Neftçi”yə əvvəlki əzəmətini qaytarmaq üçün gətirilən ukraynalı çalışdırıcı bunu bacarmaması bir yana, hazırda öz reputasiyasını zədələməklə məşğuldur.

Ayxan Abbasovun uğurlu işi

Turun son oyun günündə baş tutan matçlar daha maraqlı alındı. Mövsümə əla başlayan, ancaq tədricən barıtı tükənən “Turan Tovuz”un Şamaxı səfərində hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi. “Şamaxı”nı tovuzluların sabiq baş məşqçisi Ayxan Abbasovun çalışdırması oyundakı prinsipiallığı artırırdı.

Qarşılaşma gözləniləndən də maraqlı alındı. “Turan Tovuz” ilk hücumundaca hesabı açmağa müvəffəq oldu. Gənc hücumçu Sadiq Şəfiyev debütünü qolla yaddaqalan etdi. O, aşırma zərbə ilə “Şamaxı”nın qapısına yol tapdı.

“Şamaxı” hesabda geri düşdükdən sonra dərhal irəli atıldı. Ancaq Ayxan Abbasovun komandası nə qədər çalışsa da, fasiləyədək status-kvonu bərpa edə bilmədi. Buna baxmayaraq, meydan sahibləri ikinci hissəyə qolla başladılar. Brahim Konatenin ötürməsini sabiq “Turan Tovuz”lu Belajdi Pusi dəqiq zərbə ilə tamamladı.

Matçın sonları daha dramatik alındı. Əvvəlcə 90 dəqiqənin tamamında “Şamaxı” ikinci qolu vurdu. Cərimə zərbəsindən edilən hava ötürməsini Arsen Ağcabəyov dəqiq baş zərbəsi ilə qola çevirdi. Hər kəs görüşün ev sahiblərinin qələbəsi ilə nəticələnəcəyini düşündüyü vaxtda qonaqlar penalti vurmaq hüququ qazandılar. Hakim “Şamaxı”nın futbolçusu Rüfət Abbasovun topa əllə toxunduğu əsas gətirərək, meydan sahiblərinin qapısına penalti təyin etdi. Fürsəti qaçırmayan Kristian da Silva matçda yekun hesabı müəyyənləşdirdi – 2:2.

Ayxan Abbasovun qısa zamanda “Şamaxı”da gördüyü iş ən azı Kurban Berdıyevin “Turan Tovuz”dakı fəaliyyəti qədər tərifəlayiqdir. Türkmənistanlı mütəxəssisin gəlişindən sonra tovuzluların iddialarını artırması müsbət haldır və bunda Berdıyevin rolu danılmazdır. Ancaq Abbasovun Premyer Liqaya yeni qayıdan və “qapazaltı” olacağı gözlənilən “Şamaxı”nı tez bir zamanda bu səviyyəyə çatdırması ancaq xoş sözlərə layiqdir.

“Qarabağ”a 2 qol vurub uduzan “Sabah”

Tura “Qarabağ” – “Sabah” oyunu ilə yekun vuruldu. Meydana ikinci heyətlə çıxan Ağdam klubu bunu hiss etdirmədi. Matça fırtına kimi başlayan meydan sahibləri ilk 17 dəqiqə ərzində rəqib qapısına 3 dəfə yol tapdılar. “Tottenhem”lə səfər görüşündə penaltini qaçıran Toral Bayramov bu oyunda uzaq məsafədən baxımlı qol vurdu. Nəriman Axundzadə və Kevin Medinanın da fərqləndiyi ilk hissənin sonlarında “Sabah” Coy Lens Mikels ilə buraxılan qollardan birinin əvəzini çıxmağı bacardı.

“Sabah” ikinci hissəyə Pavol Şafrankonun qolu ilə başlasa da, qonaqların bundan artığına gücü çatmadı. Beləliklə, görüş “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə nəticələndi. Turnir cədvəlinə başçılıq edən Ağdam klubu ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı 2 xal qabaqlayır.

“Sabah” güclü hücum xəttinə rəğmən, zəif müdafiəsinin güdazına gedir. Baş məşqçi Krunoslav Renduliç arxa xətdəki problemləri aradan qaldırmasa, “bayquşlar” güclü komandalarla oyunlarda bunun əziyyətini hələ çox çəkəcək.

CAVAD

Shares: