2011-2014-cü illərdə “Xəzər Lənkəran” klubunun formasını geyinmiş rumıniyalı yarımmüdafiəçi Adrian Pitin futbolinfo.az saytına müsahibəsi

– Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Tottenhem” – “Qarabağ” matçını (3:0) izlədiniz? Sizcə, təmsilçimiz məğlubiyyətə layiq idi?

– Oyunu izlədim. “Tottenhem”də çıxış edən həmyerlim, Rumıniya yığmasının üzvü Radu Draquşin 7-ci dəqiqədə kobud səhvə yol verdi, nəticədə qırmızı vərəqə aldı. Deyərdim ki, “Qarabağ” səfərdə oynamasına baxmayaraq, görüşü yüksək səviyyədə keçirdi. Məğlubiyyətin səbəbi isə buraxılan fərdi səhvlər idi. Draquşin həmin epizodda Juninyonu dayandırmasaydı və o, qol vursaydı, tam fərqli oyun izləyəcəkdik. “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo” ilə görüşlərinə də baxmışdım. Zaqreb klubuna qarşı da yaxşı oynamaqlarına baxmayaraq, uduzmuşdular.

– Razısınız ki, Draquşinin həmin epizodda başqa yolu yox idi. Çünki Juninyonun o fürsəti qola çevirmək ehtimalının yüksək olduğunu anlayırdı…

– 100 faiz. Heç bir futbolçu səhvə yol vermək istəməz. Radunun həmin səhvinə görə çox üzüldüyünə əminəm. Futbol səhvlər oyunudur. Draquşin “Qarabağ”la oyunda buraxdığı səhvdən nəticə çıxaracaq. O, belə durumlarda təmkinli davranmalıdır.

– Toral Bayramov penaltidən fərqlənsəydi, fərqli nəticə qeydə alına bilərdi?

– “Qarabağ” penalti vuranda 0:2 hesabı ilə geridə idi. Futbolda hər şey mümkündür. Yenə deyirəm, “Qarabağ” çox yaxşı futbol sərgilədi. Hesab oyuna görə olmadı.

– “Qarabağ”ın heyətində çıxış edən və sizin kimi solaxay futbolçu olan Elvin Cəfərquliyevlə bağlı fikriniz necədir? Onun oyununu bəyənirsiniz?

– “Qarabağ”ın formasını geyinirsə, deməli, yaxşı futbolçudur. Komandada yer alan digər oyunçular da xoş sözlərə layiqdirlər.

– “Qarabağ”ın Liqa mərhələsindəki rəqiblərindən biri də Rumıniya təmsilçisi “Styaua”dır. Bu komandalar üz-üzə gələndə kimi favorit hesab edəcəksiniz? Sizcə, bu görüşdə hansı nəticə qeydə alınacaq?

– İstərdim ki, heç-heçə qeydə alınsın və hər iki tərəf xoşbəxt olsun (gülür). İndidən əminliklə deyə bilərəm ki, çox maraqlı oyun keçəcək. “Qarabağ” kimi, “Styaua” da yaxşı komandadır və baxımlı futbol sərgiləyir. Ümid edirəm ki, azarkeşlər həmin qarşılaşmadan həzz alacaqlar. Güclü kimdirsə, o da qalib gəlsin.

– “Qarabağ”ın pley-offa yüksəlmək şansı nə qədərdir?

– Çox yaxşı oyun göstərsən belə, uğur qazanmağın üçün bəxtin də olmalıdır. Azərbaycan klubları üçün həmişə hər şeyin ən yaxşısını arzulayıram. Ümid edirəm ki, “Qarabağ” pley-off mərhələsinə yüksələ biləcək.

– Avrokuboklarda bu ildən tətbiq olunan Liqa mərhələsi formatı ürəyinizcədir?

– Açığı, hazırkı formatdan heç nə başa düşmürəm (gülür). Komanda sayı çoxdur. Anlamırsan ki, kim-kiminlə qarşılaşacaq, kimin irəliləmək şansı daha yüksəkdir. Yeni sistemdən baş çıxartmaq asan deyil. Nəsə başa düşmək üçün bütün oyunları və komandaları diqqətlə izləməlisən. 36 komandanı diqqətdə saxlamaq isə çox çətindir.

ABBAS

Shares: