“Çempionat 3 turdan ibarət deyil. Qarşıda daha 24 oyun var idi. Mən şəxsən məşqçi kimi öz işimin öhdəsindən gələcəkdim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qaradağ Lökbatan”ın sabiq baş məşqçisi Azər Həşimov deyib.

Həşimov komandanı I Liqada saxlaya biləcəyinə inanırmış: “Çempionat başlamazdan öncə rəhbərliklə danışıqlarımız olmuşdu ki, komandanı liqada saxlayım və II Liqaya düşmürük. Bilindiyi kimi, keçənilki heyətdən cəmi 4 futbolçu qalıb. Digərləri başqa klublara keçib. Demək olar ki, heyətimiz yeni idi. Mən də öz növbəmdə söz vermişdim ki, ”Qaradağ Lökbatan”ı liqada saxlayacam. Lakin 3 tur iddalı rəqiblərə qarşı matçlarda məğlub olduq. Çempionat 3 turdan ibarət deyil. Qarşıda daha 24 oyun var idi. Mən şəxsən məşqçi kimi öz işimin öhdəsindən gələcəkdim. Sadəcə, belə qərar verdilər. Onların da qərarına hörmətlə yanaşaraq, “Qaradağ Lökbatan”a uğurlar arzulayıram”.

Xatırladaq ki, ilk 3 turdan sonra 0:10 top fərqi ilə xalsız qalan “Qaradağ Lökbatan” baş məşqçisi ilə vidalaşıb. Bu qərarda xüsusilə komandanın son turda “Zaqatala”ya 0:4 hesabı ilə uduzması rol oynayıb.

GÜNAY SÜLEYMANOVA

Shares: