AFFA-nın yeni rəhbərliyi bu gün iş başında yarım ilini tamamlayır. 4 illik seçilən AFFA prezidenti və İcraiyyə Komitəsi müddətinin 1/8 hissəsini geridə qoyur.
Bu müddət ərzində ən azı yol xəritəsi cızılmalı, ilkin addımlar atılmalı, futbolun inkişafı üçün bünövrə qoyulmalıydı. Amma AFFA prezidenti Rövşən Nəcəf bu posta namizədliyini açıqlayarkən təqdim etməli olduğu platformasını hələ də ortaya çıxarmayıb, indi hansısa xarici şirkətin təqdim edəcəyi inkişaf planını gözləyir.
Bir ilə cızma-qara hazırlayıb təqdim edərlər, üç il onun icrası ilə məşğul olarlar, daha sonra inkişafa nail olmaq üçün vaxt çatmadığını bəhanə edib daha dörd il tələb edərlər. Beləcə Rövnəq Abdullayev – Elşad Nəsirov – Elxan Məmmədov üçlüyünün etdiyi kimi, illəri bir-birinə düyünləyb nağıl danışarlar. Bu müddətdə ermənilər də gürcülərin yolunu gedib böyük yarışlara vəsiqə qazanar, Nəcəfin dəstəsi isə “bizimkilər futbol oynya bilmir” deyib bəhanə axtarar. Halbuki futbol oynayanları yetişməsi birbaşa onların vəzifə borcudur, bunun üçün isə heç bir addım atılmır.
Nəcəf bu 6 ay ərzində nə edib? Həqiqətən heç nə!
Fernandu Santuşu milyonlar xərcləyərək milli komandaya baş məşqçi gətirib, bütün yığmaların nəticələri tarixdəki ən pis statistika ilə zənginləşib.
Frank de Blekereni Hakimlər Komitəsinə sədr gətirib, o da Frits Stuxlik kimi işləyir. Hakim təynatlarının sifarişli olması prosesi olduğu kimi qalır, belçikalı isə səhvləri malalamaqla məşğuldur. Özü Bakıda yoxdur, hakimləri Elxan Məmmədovun dəstəsi idarə edir, o isə oyunları canlı izləmək əvəzinə vətənində oturub epizodları istədiyi kimi şərh edir.
İnkişaf strategiyası hazırlamaq vədi verən xarici şirkətlə müqavilə imzalanıb. Mətbuatın illərlə yazdığı, yerli mütəxəssislərin bir günə təqdim edəcəyi proqramı bu adamlar aylardır bitirə bilmir. Hər səfərləri onminlərlə avroya başa gəlir, ortada isə heç nə yoxdur.
Əcnəbilərə qapılar taybatay açılıb, büdcə insafsızcasına dağıdılır. Növbə yerlilərə çatanda qənaət rejimi işə düşür, bütün layihələr dondurulub. Jurnalistlərlə ilk görüşündə dil boğaza qoymayan adam, media əhli ilə bir ay sonraya planlaşdırdığı görüşü hər ay təxirə salır. Çünki bacarıqsızlığını, səriştəsizliyini onun üzünə vuran məhz jurnalistlərdir, hər sözünə çəpik çalan veteranlar yox.
I Liqa klublarına illik 50 min manat ayrılır. Dost-tanışlara bu məbləği iki ay işə gəlib-getmək üçün verən AFFA prezidenti görəsən, nə etdiyinin fərqindədirmi? İnkişaf elə aşağı liqalardan başlayır, onları qəpiyə möhtac etməklə möcüzəyəmi, ümid edir? İş adamlarının, biznesmenlərin fəaliyyətinin məhdudlaşdırıldığı, azad reklam bazarının olmadığı bir yerdə SOCAR-ın klublara yardım etmək borcudur. Adrian Mutuya xərclənən pullar I və II Liqa klublarının hamısının birlikdə illik xərcindən çoxdur. Sərgən Yalçın üçün ayrılan xüsusi təyyarəylə iki klubu bir il saxlamaq olardı.
Nəcəf yeni komandasına yerli kadr da daxil edib. Amma onun yeganə təyinatı baldızının rəfiqəsi Aysu İbrahimlidir. Marketinq işlərinin tapşırıldığı bu xanımın indiyədək hansı işi gördüyü bəlli deyil, miqdarı artan “paket”ini qucaqlamaqla məşğuldur. Bir yerdə “Neftçi”ni necə məhv edib, kredit əsirinə çeviriblərsə, indi də AFFA-da eyni işləri görürlər.
Yeri gəlmişkən, Aysu xanıma məsləhətimz var. Tamamilə fəaliyyətsizlik pis görünür, ideya veririk, üzərində işləyin. Belə ki, AFFA-nın loqosunu dəyişmək olar. Sələfləriniz gələn kimi keçmişi silmək üçün bu məqamdan başlamışdı, siz də eynisini edin, öz komandanızın öz loqosu olsun. Hazırkı loqo AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun ideyasıdır, deyilənlərə görə müəllifi də ailə üzvüdür. “Neftçi”də belə bir təcrübəniz var, kluba 100 min manatdan çox xərclətdirmişdiz, AFFA-da iki qatını “sildirə bilərsiz”. Tanış şirkətiniz də var, niyə boşa dayanmısız? Rövşən bəy sizin bir sözünüzü iki etmir, fürsəti qaçırmayın!
Bu 6 ayın hesabatını təkcə Nəcəf verməməlidir. İcraiyyə Komitəsində əyləşən şəxslər də eyni günah sahibidir. Bəstəkar oğlu, bankir və başqaları zatən say düzəltmək üçündür, hədəfə gələn başqalarıdır.
Məsələn, Sərxan Hacıyev – bu adam nəvaxtadək qızıl orta axtarmaqla məşğul olacaq? Axı, vəzifə səlahiyyətləri daha cəsarətli davranmağa imkan verir. İcraçı vitse-prezident və baş katib postlarının ikisini birdən əldə saxlamaqa deyil, vəzifəni sanballı edən şəxsiyyətdir. Sərxan bəy, ya varlığını göstər, ya da istefa ver.
Qılınc oynada-oynada, Nizamnaməni pozaraq, haqqı çatmadan futbol təsərrüfatında peyda olan Balakişi Qasımov nə edir? “Mikayıl Cabbarovun Rövşən Nəcəfə nəzarət edən adamı olmaq” adlı post yoxdur, varsa, bunu da bacarmır, Elşad Nəsirov onların hamısını birdən idarə edir.
Vitse-prezident Nəsirov hamıdan çox işləyir – amma xəlvətdə, öz komandası üçün. Niyyəti yeniləri daha da urvatsız edib əvvəlkilərə rəhmət oxutdurmaqdır və bunu əla bacarır. Elşad bəy söz sahibidirsə, deməli, AFFA-da, ümumiyyətlə, futbol təsərrüfatında heç nə dəyişməyəcək.
Daha böyük səlahiyyətlər arzulayan Maqsud Adıgözəlov arzuna çata bilməyib, indi komanda daxilində total uğursuzluğu arzulayanlardadır. Gözləyir ki, Nəcəf, Hacıyev və başqaları büdrəsin, o özünü önə çəksin, “mən demişdim” söyləsin.
Qurban Qurbanovun son mətbuat konfransında dedikləri ümumi gedişatdan narazılığın etirafı idi. “Xariciləri gətiriblər” ifadəsi onu dinləmədiklərinin dolayısı ilə dilə gətirilməsi idi. Son turda ona verilən sarı vərəqə adi intizam tədbiri deyildi. İcraiyyə Komitəsinin üzvünü sərsəm tələblə cəzalandırmaq Qurbanov üçün həm meydanın kənarında, həm də futbol idarəçiliyində müəyyən fəaliyyət sahəsinin ayrılması deməkdir. Xətti keçsə, “vurular”.
Bu, Nəcəfin 6 aylıq fəaliyyətinin qısa məzmunudur. AFFA-da yalnız adlar dəyişib…
VÜSAL MAHMUDOV