“Zirə”nin qapıçısı Aydın Bayramovun futbolinfo.az saytına müsahibəsi
– Son matçda “Kəpəz” üzərində 3:0 hesablı qələbə qazandınız. Matçı necə şərh edərdiz?
– Çətin oyun olacağını bilirdik. “Kəpəz”in qələbəsiz olması onlar üçün motivasiya idi. Yeni transferləri var, yaxşı oyunçular yığıblar. Amma biz də yüksək səviyyədə hazırlaşmışdıq. Öz oyunumuzu göstərib qələbə qazana bildik.
– “Zirə” mövsümün ən yaxşı komandalarından biridir. Uğurlu startın xüsusi səbəbi var?
– Yaxşı heyətimiz var. Kollektiv olaraq yaxşı oynamağa çalışırıq. Fikriləşirəm ki, əsas səbəb budur. Həm də avrokubok matçlarında böyük təcrübə qazandıq. Bu da oyunumuza öz təsirini göstərir.
– Ardıcıl 3 oyundur ki, qol buraxmırsız…
– Bu, tək mənim yox, bütün komandanın əməyidir. Qol buraxmamaqda hər birimizin rolu var.
– Bu mövsüm sanki ötən mövsümə nisbətən daha çətin keçir…
– Keçən mövsüm son illərin bəlkə də ən maraqlı mövsümü idi. Amma düşünürəm ki, bu il ondan da maraqlı keçəcək. Ən azından mövsümün əvvəlində yaxşı oyunlar izləyirik.
– Qarşıda “Turan Tovuz” səfəri var. Hansı ki, sən ötən mövsümü bu komandada keçirmisiz. Yenə qələbə mümkündür?
– Hər oyuna qələbə üçün çıxırıq. Ağır səfər olacaq. Amma 3 xal dalınca gedəcəyik. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edib geri qayıdacağıq.
– Ümumiyyətlə, Tovuzda süni ot örtükdə meydana çıxmaq sizə nə qədər problem yaradır? Özünüz də Tovuz klubunda çıxış etmisiz. Qazon nəticələrə təsir edir?
– Düzü, çətindir. Çempionatımızda belə meydançalar nə qədər az olsa, o qədər də yaxşıdır. Fikrimcə, inkişaf baxımından da bu lazımdır. Mən orda oynayarkən də çətin olurdu. Məşq etmək elə də asan deyildi. Həmin meydançada zədələr də çox olurdu.
– “Zirə” ötən mövsüm avrokuboklara vəsiqə qazandı və yaxşı da çıxış etdi. Təkrarlaya biləcəksiz?
– Bunun üçün çalışırıq. Ümid edirəm ki, daha yaxşısını bacaracağıq.
AĞA