II Liqada çıxış edən “Şahdağ Qusar”ın təcrübəli kapitanı Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi
– II Liqanın 5-ci turu çərçivəsində “Şəmkir” üzərində 5:0 hesablı qələbə qazandınız. Rəqib ötən mövsümdən fərqli olaraq, bu sezon sizinlə oyunadək inamlı təsir bağışlayırdı. Hesabın belə olacağını yəqin ki, özünüz də gözləmirdiniz…
– Oyuna çox yaxşı hazırlaşmışdıq, çünki çətin rəqiblə üz-üzə gələcəyimizi bilirdik. “Şəmkir” bu mövsüm iddialıdır, çempionluğa oynayır. Amma biz də sezona eyni məqsədlə başlamışıq, yaxşı heyətimiz var. 5:0 hesablı qələbəni özümüz də gözləmirdik. Oyuna ciddi yanaşmağımız və yaxşı hazırlaşmağımız öz sözünü dedi. Meydanı qələbə ilə tərk etdiyimiz üçün çox şadıq. Şükürlər olsun ki, 3 xal qazanan tərəf biz olduq.
– Cari mövsümə əla başlayaraq 5 oyunun hamısından qələbə ilə ayrılmısınız. Uğurlu start nə ilə bağlıdır?
– Bəli, çox yaxşı irəliləyirik. Hədəfimiz çempionluqdur. Uğurlu start güclü heyətimizin olması ilə əlaqədardır. Məhz bunun sayəsində 5 oyunun hamısında qalib gələ bilmişik. Qarşıdakı turlarda bizi daha çətin oyunlar gözləyir. Çünki çox güclü rəqiblərimiz var.
– Növbəti turda “Lerik”in qonağı olacaqsınız. Qələbə seriyasını bu görüşdə də davam etdirə biləcəksiniz?
– Çempionatda rahat oyun olmur, hər bir matç ağır keçir. Buna görə də ciddi hazırlaşmalıyıq. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Məqsədimiz qələbə seriyasını davam etdirməkdir.
– “Şahdağ Qusar” ötən mövsüm I Liqaya yüksələ bilmədi. Cari sezonda bu tapşırığın öhdəsindən gəlməyi bacaracaqsınız?
– Keçən mövsümə də bu məqsədlə başlamışdıq. Təəssüflər olsun ki, istəyimizə çatmadıq. Əslində, son tura kimi şansımız var idi, amma istifadə edə bilmədik. Bu il də hədəfimiz eynidir. Hələ işlərimiz yaxşı gedir. Ancaq marafon uzundur, oyunlar çoxdur. Buna görə də arxayınlaşmaq olmaz. Hər oyuna final kimi yanaşmalıyıq. Konsentrasiyanı itirmək olmaz. “Şahdağ Qusar” çempionluğa layiq komandadır. Bundan sonrakı turlarda da xal itirmədən məqsədimizə doğru addımlamaq istəyirik.
– Sabiq komandanız “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Malmö”nü qəbul edəcək. Bu görüşdən hansı nəticəni gözləyirsiniz? “Tottenhem”lə görüşdəki məğlubiyyəti unutdurmaq mümkün olacaq?
– “Tottenhem” yüksək səviyyəli komandadır. İlk dəqiqələrdən 10 nəfərlə qalmasına baxmayaraq, “Qarabağ”a qalib gələ bildi. Rəqibin ustalıq səviyyəsi görünürdü. Əslində, “Qarabağ” da yaxşı oynadı, qol vəziyyətləri yaratdı. Sadəcə, son nöqtəni qoya bilmədilər. “Malmö” ilə bugünkü matça gəlincə, bu rəqib də adlı-sanlıdır. Ancaq hamı dərk edir ki, “Malmö” “Tottenhem” səviyyəsində deyil. Düşünürəm ki, “Qarabağ” öz oyununu göstərə bilsə, qələbə qazanacaq. İnanıram ki, meydanı 3 xalla tərk edən tərəf Azərbaycan çempionu olacaq.
ABBAS