“Skandinavlar hündürboy olduqları üçün fiziki göstəricilərindən istifadə edirlər və bunun üzərində həddindən çox dayanırlar. Ona görə də standart vəziyyətlərdə çox yaxşıdılar. Bu, bizim üçün təhlükəyə dönə bilər”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis bu gün Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olan İsveçin “Malmö” komandasının meydanın bizə aid hissəsində oynamasının təmsilçimiz üçün avantajlı olacağını düşünür:

“Avroliqanın qrupuna düşən komandaların hər biri özünə görə güclüdür. Burda baş tutan oyunların hər biri yüksək səviyyədə keçir. Təbii ki, “Böyük beşlik” ölkələri bir az fərqlənirlər. Hətta “onlar və digərləri” deyə ayıra bilərik. Amma onların da arasında çox böyük fərq yoxdur. Ümumi götürəsi olsaq, “Qarabağ” Skandinaviya təmsilçisi, İsçevin çempionuna qarşı çıxış edəcək. Hesab edirəm ki, onların bizim meydançada oynaması bizim üçün avantaj təşkil edəcək. Çünki uzun yol gəliblər. Adətən Skandinaviya ölkələrində stadionların çoxu suni örtüyə malik olur. Belə olduğu halda bizim üçün daha əlverişli ola bilər. Birdən-birə meydançanı dəyişdikdə, oyuna təsir edə bilir. Hər halda “Qarabağ”ın hücum xəttində olan futbolçuları texniki baxımdan çox yaxşıdılar. “Mölmö”nün birəbirdə olan oyunçularını, müdafiə xəttini yarmağa qadirdirlər. Əlbəttə, burda Juninyonu da qeyd etmək lazımdır. Nə qədər son matçlarda qol vura bilməsə belə, ikili mübarizələrdə hər zaman qalib ayrılıb. “Tottenhem”lə görüşdə də rəqibin qırmızı vərəqə almasının səbəbkarı Juninyo idi. Məncə, bu gün Juninyonun sürəti qalibiyyətdə böyük rol oynayacaq. Belə olan halda Ağdam təmsilçisinə çətinlik yaradan rəqib komandanın standart vəziyyətləri ola bilər. Skandinavlar hündürboy olduqları üçün fiziki göstəricilərindən istifadə edirlər və bunun üzərində həddindən çox dayanırlar. Ona görə də standart vəziyyətlərdə çox yaxşıdılar. Bu bizim üçün təhlükəyə dönə bilər. Digər komponentlərdə “Qarabağ”ın rəqibini üstələyəcəyini düşünürəm. Qol imkanları yaratmaq üçün topa sahib olmaq vacib olacaq. Məncə, təmsilçimiz bunun öhdəsindən gələ biləcək. Mən “Qarabağ”ın minimum 2 top fərqi ilə qələbə qazanacağına inanıram”.

GÜNAY SÜLEYMANOVA

Shares: