Şənbə günü “Araz-Naxçıvan” Misli Premyer Liqasının cari mövsümündə 8-ci matçına çıxacaq. Və artıq 5-ci dəfə eyni komandanın oyununa eyni hakim təyinat alıb. Muxtar respublikası təmsilçisinin 3 oyununda VAR hakimi olan Cavid Cəlilov 2-ci dəfə əsas qərarverən şəxs kimi fit çalacaq.
2-ci tur: VAR hakimi – 3 xal
4-cü tur: VAR hakimi – 1 xal
5-ci tur: baş hakim – 3 xal
6-cı tur: VAR hakimi – 3 xal
9-cu tur: baş hakim – ? xal
AFFA rəhbərliyi sanki futbol ictimaiyyətinin acığına belə qərarlar verir. Digər heç bir komandanın oyununda belə şey yoxdur. Yalnız “Araz-Naxçıvan”ın hakim dəstəsi var və komandanın oyunlarına məhz onlar təyinat alır. Növbə ilə, müxtəlif amplualarda…
Bu mövsüm Premyer Liqa oyunlarını idarə etmək üçün 17 hakim siyahıya salınıb. Bəs, görəsən obirilər hardadır ki, Cavid Cəlilov bu qədər önə çəkilir? Yoxsa naxçıvanlılar sifarişlə yalnız sevimli hakimlərini öz oyunlarında görmək istəyir?
Bu tur rəqib “Sabah”dır. O komanda ki, “Araz-Naxçıvan”la avrokuboka vəsiqə uğrunda mübarizə aparır. “Sabah”ın rəhbərliyi ağıllı adamlardır, hakim idarəçiliyinə barmaqarası baxmayacaqlar, digər klublar kimi sözü ürəkdə saxlayan deyillər. Cəlilov hamilərinə kömək etsin, aqibətini görsün.
Maraqlıdır, Cavid bəy yenə naxçıvanlıların məğlubiyyətinə mane olmaq üçün hər şey etsə, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bunun cavabını verə biləcəkmi? Axı, Hakimlər Komitəsi birbaşa ona tabedir (qeyri-rəsmi) və o da eyni hakimin 8 tura 5-ci dəfə eyni komandanın matçına göndərildiyini görür. Niyə, ay Sərxan Hacıyev, niyə?
CAVAD