Azərbaycanın həndbol klublarının Avropa Kubokunda keçirəcəkləri oyunların proqramı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, qadınlar arasında ölkə çempionu “Qarabağ” mübarizəyə 1/32 finaldan başlayacaq.
İlk rəqib Lüksemburqun “Differdanj” klubu olacaq. Qarşılıqlı razılaşmaya əsasən, mərhələnin hər iki oyunu Bakıda baş tutacaq. Oktyabrın 5-də “AHF Arena” İdman Kompleksində keçiriləcək ilk matçda “Qarabağ” nominal meydan sahibi olacaq. Qarşılaşma saat 14:45-də start götürəcək. Bu komandaların cavab matçı isə oktyabrın 6-da, eyni saatda keçiriləcək.
Turnirdəki digər təmsilçimiz “Azəryol” da rəqibi ilə Bakıda, “AHF Arena”da qarşılaşacaq. Ukraynanın “Qaliçanka” klubu ilə matçlar oktyabrın 5-də və 6-da, saat 17:00-da reallaşacaq.
Qadınlar arasında Azərbaycan kubokunun qalibi “Kür” isə Yunanıstan təmsilçisi “İonias” ilə səfərdə üz-üzə gələcək. Oktyabrın 5-də Afinanın Gimnastika Arenasında keçiriləcək ilk matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək. Ertəsi gün bu komandaların dueli saat 17:30-da start götürəcək.
Kişi həndbolçulardan ibarət “Kür” klubu Avropa Kubokunda mübarizəyə “Parnassos Strovolu” komandası ilə oyunlarla başlayacaq. Kipr təmsilçisi ilə qarşılaşmalar Mingəçevirdə Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. İlk oyun oktyabrın 26-da, saat 17:00-da, cavab matçı isə bir gün sonra, saat 16:00-da keçiriləcək.
Kişilər arasında ölkə çempionatının gümüş mükafatçısı “Bakı” isə Monteneqronun “Lofçen Çetinye” komandası ilə hər iki matçı səfərdə keçirəcək. Oktyabrın 26-na və 27-nə təyin olunan qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.