Azərbaycan yığmasının sabiq qapıçısı Hüseyn Məhəmmədovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Malmö” üzərində qələbə qazanacağı gözlənilsə də, təmsilçimiz yenə uduzdu (1:2). Məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Avrokuboklarda nəticə hər bir komanda üçün vacibdir. Yeni formatdan hər kəsin xəbəri var. “Qarabağ” kimi, “Malmö” də bu görüşə 3 xal məqsədilə çıxmışdı. Oyunun gedişatı da göstərdi ki, hər iki komanda bir-birinə bab rəqib idi. Qollar da ustalıq hesabına vuruldu. “Qarabağ”ın matçın nəticəsini dəyişmək üçün imkanları oldu. Amma şansları gətirmədi, qol imkanlarını qaçırdılar. Bu, futbolun qanunudur ki, kim qol epizodlarından lazımınca yararlanırsa, o da yekunda qalib gəlir. Dünənki görüşdə bunu “Malmö” həyata keçirdi. Hər iki komanda eyni səviyyədə futbol oynadı, qalib gələn isə qol imkanlarından daha yaxşı istifadə edən tərəf oldu.

– Zaqreb “Dinamo”su ilə oyunlardan etibarən “Qarabağ” avrokuboklarda yaxşı nəticələr qazana bilmir. Bu, xorvatlara məğlubiyyətdən sonra futbolçuların psixoloji durumunun hələ də düzəlmədiyini göstərir?

– Futbolda belə bir şey yoxdur ki, uzun müddət hansısa məğlubiyyətin təsirində qalasan. “Qarabağ”ın futbolçuları yenə döyüşürlər, əzmkarlıq nümayiş etdirirlər. Hər oyunda qalib gəlməlisən deyə, bir şey yoxdur. “Qarabağ” böyük komandadır, uzun illərdir avrokubokların qrup mərhələsində oynayır. Bu mənada, psixoloji baxımdan heç bir problem ola bilməz. Mümkün deyil.

– “Qarabağ”ın transfer etdiyi son qapıçı Mateuş Koxalski də “Tottenhem”lə oyunda yaxşı təsir bağışlamadı, bu səbəbdən “Malmö” ilə görüşdə baş məşqçi Qurban Qurbanov digər qolkiper Fabian Buntiçə şans verdi. Ağdam klubunun qapı xəttindəki probleminin həll olunmadığını demək olar?

– Koxalski “Tottenhem”lə matçda səhv etdisə, bu, onun pis qapıçı olduğunu göstərmir. Hər ikisi yaxşı qolkiperdir. Qurban Qurbanov göstərir ki, avrokubok oyunlarında da hər iki qapıçıya növbə ilə şans verəcək. Qurban müəllim komandasında qapıçılar arasında rəqabətin olmasını istəyirdi, bu da artıq yaranıb. Baş məşqçinin hər ikisinə inamı var. “Qarabağ”ın qapı xəttində problemin olduğunu düşünmürəm. Hər bir futbolçu səhv edə bilər.

– “Qarabağ”nın Avropa Liqasında pley-offa adlamaq şansı nə qədərdir? Sizcə, təmsilçimiz bunu bacaracaq?

– “Qarabağ” hər il avrokuboklarda bizi yüksək səviyyədə təmsil edir. Əminəm ki, pley-offa düşmək üçün də əllərindən gələni edəcəklər. Niyə də bacarmasınlar?! “Qarabağ” istəkli, yaxşı komandadır. Azərbaycan futbolunda yüksək səviyyədə tarix yazmış “Qarabağ” uğurlarının ardını gətirməyə çalışacaq.

ABBAS

Shares: