Misli Premyer Liqasında uğursuz çıxışını davam etdirən “Neftçi” 9-cu turu da məğlubiyyətlə başa vurub. Futbolinfo.az xəbər verir ki, “ağ qaralar” bu dəfə “Kəpəz”ə uduzub.
Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Tovuzda keçirilən matçda meydanı 3:4 hesablı məğlubiyyətlə tərk edib.
Paytaxt klubunun rəsmi instaqram səhifəsi uduzduqları oyunun hesabı ilə bağlı paylaşım edib. Azarkeşlər paylaşımdan sonra klub idarəçilərini kütləvi şəkildə tənqid ediblər. Tənqidlərə bu yay komandadan ayrılan argentinalı forvard Lukas Melano da qoşulub. O, paylaşıma “futbolçularda probelm yoxdur, problem başqadır, əvvəlcədən bəlli idi” şərhini yazıb.
Böyük ehtimalla Melano klub idarəçilərinə və ya onu istəməyən baş məşqçiyə mesaj göndərib. Bəlkə də haqlıdır, amma bunu yazmağa ən az haqqı olanlardan biri elə faydasızlığı sübut olunan Melanodur.