“Neftçi” milli komandaların oyunlarına görə yaranan fasilə dövründə baş məşqçi məsələsini həll etməyə çalışır. Rəhbərliyin Roman Qriqorçuka etimadı bitib və ona xələf axtarışı başlayıb. Namizədlər arasında həm yerli, həm də əcnəbi mütəxəssislər var.
Amma daha öncə ukraynalı ilə yollar ayrılmalıdır. Klubun məşqçini qovması böyük təzminatla nəticələnəcək. Belə ki, iki illik müqavilə üçün 800 min avro maaşa razılıq verdiyi deyilən Qriqorçuk özü istefa vermək istəmir. Təsadüfi deyil, son mətbuat konfransında o, bu barədə ehtiyata danışmış, “istefa” kəlməsini dilə gətirməmiş, hər şey klub daxilində həll edəcəklərni söyləmişdi.
Qriqorçuk qalıb işləmək istəyir, o, istefaya göndəriləcəyi halda hər hansı güzəştə getmək niyyətində deyil və maaşını tam almaq fikrindədir. Bu səbəbdən klub onunla müqaviləyə birtərəfli qaydada son qoya bilmir, qarşılıqlı razılıq isə yoxdur. “Neftçi” idarəçiləri ukraynalını yola gətirməyə, onu 2-3 aylıq kompensasiya məbləği ilə yola sala biləcəyinə ümid edir.
Hər şeyə qarşıdakı günlərdə aydınlıq gələcək. Klub yayılan söz-söhbətləri nə təsdiq, nə də təkzib edir.