“Qarabağ” Misli Premyer Liqasında ilk dövrəni lider bitirdi. Ehtiyatda bir oyunu olan ağdamlılar gərgin qrafikə baxmayaraq, daxili çempionatda kimsəyə güzəşt etmir.
Turun qapanış matçı heç də qonaqların aşkar üstünlüyü ilə keçmədi. Baş məşqçi Qurban Qurbanov əsas oyunçulara isturahət verdiyindən, “Sumqayıt” meydanda nisbətən rahat görünürdü. Amma hesab açılmayınca “Qarabağ”ın “ağır artilleriya”sı döyüşə atıldı və Elvun Cəfərquliyev elə ilk toxunuşdaca topu tora qovuşdurdu.
Bu qələbə “Qarabağ”ı izləyicisindən 3 xal önə atdı. Yalnız “Turan Tovuz”a uduzan “atlılar” digər matçlarda büdrəməyib. Avrokubokda işləri istənilən kimi getməyən Qurbanovun yetirmələri daxil arenada rəqib tanımır. Milli komandaların oyunlarına görə yaranan fasilədə əksər legionerlərin dincəlmək imkanı olacaq. Yəqn ki, fasilədən sonra daha toparlanmış “Qarabağ” görəcəyik.
“Sumqayıt”a gəlincə, 6 oyundur qələbə qazanmayan Samir Abasovun yetirmələri minimal hesablı məğlubiyyətə görə sevinməməlidir. Rəqib əsas heyətlə oynasaydı, indi darmadağından danışırq. Necə ki, onlar qısa müddət ərzində səviyyə fərqini ortaya qoydu. “Kimyaçılar” özünə gəlməsə, autsayder olaraq qalacaq. Özünə gələn “Kəpəz” oyunun yaxşılaşdırsa və nəhayət, “Neftçi” uğursuzluqdan çıxarmağı bacarsa, gənclik şəhəri təmsilçisini yaxşı günlər gözləmir.
Günün digər matçında da bir qol vuruldu. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komandanın duelində meydan sahibləri sevindi. “Turan Tovuz” ilk hissədə azı 3 real şansı boşa verən “Zirə”ni fasilədən sonra təslim etməyi bacardı. Bəlkə də oyunun ədalətli nəticəsi heç-heçə olardı, amma qərblilər ələ düşən ral şansı boşa vermədi.
Bu matç tovuzluların topladığı xalların təsadüf olmadığını da nümayiş etdrdi. Komandada Kurban Berdıyevin gördüyü əla iş var və nəticəsini gözlətmir. Qrəblilər mövsümün əvvəlində ilk hissədə qolvurub nəticəni qoruyurdusa, indi fasilədən sonra da gücünü göstərməyi, geri düşdüyü oyunları çevirməyi bacarır. Hazırda qərarlaşdığı 2-ci pillə komandanın maksimumudur. Qışa kimi tempi qorumaq, fasilədə heyəti gücləndirmək mümkün olsa, avrokuboka vəsiqə xəyal olmayacaq.
Heç-heçəsiz “Zirə” ötən mövsümlə müqaysədə çempionata daha pis start verib. 3 məğlubiyyət Rəşad Sadıqovun planlarına daxil deyildi. Amma komanda ehtiyatdakı oyunda qələbə qazana bilsə, daha ddialı duruma gələcək. Düzdür, rəqib 3-cü pillədəki “Araz-Naxçıvan”dır, istənilən halda yüksək yerlər hədəflənibsə, xüsusilə əsas rəqiblərlə matçları qazanmaq lazımdır.
Qəsəbə təmsilçisi daha zəngin, daha komplektləşmiş heyətlə yersiz xal itkilərinin səbəbini araşdırmalıdır. Xüsusilə dünənki matçın 2-ci hissəsindək düşüş iddialı komandaya yaraşmadı.
FƏRİD