“Hər matça ciddi yanaşıb, qalib gəlib, üst pillələrə qalxmalıyıq. Rahatlamağımız üçün hər oyun bizə final kimi olmalıdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Yusif Nəbiyev deyib.

Müdafiəçi son matçlarda kapitan sarğısını daşımamasının səbəbinin Şahin Diniyevin qərarı olduğunu bildirib: “Qələbə qazandığımıza görə şadam. Ağır oyun olacağını bilirdik. Həqiqətən də düşündüyümüz kimi olsa da, amma sonda qələbə qazan tərəf biz olduq. Rəqib qırmızı aldıqdan sonra daha da rahatladıq. Məncə, “Şamaxı”nın azlıqda qalmasının bizim üçün çox üstünlüyü oldu. Oyunda kapitan olmamağım baş məşqçinin qərarı idi. Mən də öz növbəmdə qərara hörmətlə yanaşdım. Hazırda turnir cədvəlində təhlükəli zonadayıq. Ona görə bacardığımız qədər xal qazanmalıyıq”.

Qeyd edək ki, “Şamaxı” ilə 2:0 hesabı ilə bitən ev oyununda “Səbail”i meydana kapitan kimi Amir Bilali çıxarmışdı.

GÜNAY SÜLEYMANOVA

Shares: