Əkbər Səmədli seçimini çoxdan edib. Böyük futbolçu olmaq, milli komandanın şərəfini qorumaq arzusu ilə yola çıxan balaca qapıçı artıq 7 ildir top oyununun sirrlərini örənir.
Hazırda 12 yaşı olan qolkiper bu yola 5 yaşından çıxıb. Əkbərin bu idman növünə belə maraq göstərməsinin bir hekayəsi var: “Məndə futbola həvəs 4-5 yaşımda izlədiyim bir cizgi filmindən sonra başladı. Bu cizgi filmi mənə o qədər maraqlı gəldi ki, artıq futbol oyunlarına baxmağa başladım. Evdə kimsə oturub futbola baxanda mən də baxırdım. Və daha sonra özüm də topla oynamağa başladım”.
Əkbərin futbol haqqında planları böyükdür. O, peşəkar olmaq, böyük komandalarda oynamaq istəyir. Əlbəttə, hər idman növündə olduğu kimi futbolun da özünəxas çətinlikləri var. Amma kiçik Səmədli irəliləmək üçün motivasiya tapıb: “Futbolu mənə sevdirən bir çox amillər var. Ancaq futbola başlamağımda səbəb birisi olmayıb. Bu həvəs məndə öz-özlüyündən yaranıb. Futbol mənim üçün bir oyundan daha artıqdır. Gələcəkdə mənim də iştirakımla oyunlarımızda bayrağımızın dalğalandırılmasını istəyirəm”.
Əkbər artıq peşəkar komandanın üzvüdür: “12 yaşımda “Kəpəz”lə peşəkar müqavilə bağladım. Hazırda futbol akademiyasında futbolunun sirlərinə yiyələnirəm. Özüm qapıçıyam, qapını qorumaq mənə sanki vətəni qorumaq kimi bir şeydir. Bu mövqedə olan bir çox qapıçılar, futbolçular var ki, onları özümə kumir kimi götürürəm. Manuel Noyeri dünyada tanımayan yoxdur. “Qalatasaray”dan Fernando Musleranı da çox bəyənirəm. Uşaq vaxtımdan İstanbul klubuna böyük marağım var idi. Musleranın oyunları mənə futbola davam etməyim üçün motivasiya verirdi. Azərbaycanda isə Şahruddin Məhəmmədəliyevi bəyənirəm”.
Əkbər uğur qazandıqdan sonra ona aldanmamağı vacib sayır: “Uğur qazanmaq, sevindirici olsa da, rahatlıq verməməlidir. Kriştianu Ronaldo kimi… Qazanmadığı uğur yoxdur, ancaq 39 yaşında 23 yaşında çalışdığı kimi çalışır”.
BƏHRUZ MUSAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu