“Azərbaycan millisinə dəvət almağım mənim üçün ikiqat sevincli oldu”.

Futbolinfo.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yarımmüdafiəçi dəvətlə bağlı təəssüratlarını bölüşüb:

“Milli futbolçunun karyerasının ən uca, pik, qürur nöqtəsidir. Arzum idi ki, nə vaxtsa mən də ölkənin əsas komandasına dəvət alım, oynamaq şansı qazanım. Əlbəttə, futbol camiəsi də bilir ki, mən hansı yolları keçmişəm, necə çətinliklərə qalib gələrək buna nail olmuşam. Ona görə də mənim üçün ikiqat sevincli oldu. “Araz-Naxçıvan”dakı kollektivimin əməyi danılmazdır. Onlara da təşəkkür edirəm. Bu gün komanda uğurlu qrafik cızmasaydı, nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni də dəvət etməzdilər. Bu dəvət bir kollektivin uğurudur”.

29 yaşlı futbolçu millini qarşıda çətin oyunlar gözlədiyini vurğulayıb:

“Millimizi qarşıda iki çətin oyun gözləyir. Düzdür, tanıyanlar bilir ki, meydanda mənim üçün rəqibin kimliyi önəm daşımır. Əsas olan öz oyunun, komandan üçün bacardığının ən yaxşısını etməkdir. Bir yolumuz var: özümüzə və gördüyümüz işə inanmalı, qələbə qazanmaq üçün inamla mübarizə aparmalıyıq. Şans veriləcəyi təqdirdə yaxşı tərəfdən seçilməyə çalışacağam”.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 11-də Tallində Estoniya, ayın 14-də isə Bakıda Slovakiya kollektivlərinə qarşı mübarizə aparacaq.

Shares: