Misli Premyer Liqasında 1-ci dövrə başa çatdı. “Kəpəz” ardıcıl məğlubiyyətlər seriyasına ilk dövrənin son turunda son qoya bildi. Əvəzində “Neftçi”nin qələbə həsrəti bitmədi ki, bitmədi. Azərbaycanın ən böyük büdcəyə malik klubu birinci dövrəni qələbəsiz başa vuran yeganə iştirakçı oldu. Son çempion “Qarabağ” isə ehtiyatda bir oyunu qalarkən ilk dövrənin qalibi olmağı bacardı.

“Neftçi”dən biabırçı nəticə

Cari mövsümün iki uğursuzu – “Kəpəz” və “Neftçi”nin duelində hər iki tərəf qələbəni hədəfləmişdi. Çünki həm Gəncə təmsilçisinə, həm də paytaxt klubuna qalibiyyət hava-su kimi lazım idi. Qələbə sayəsində tərəflərdən biri uğursuz gedişata son qoyacaqdı, digər tərəf üçün isə “qara zolaq” davam edəcəkdi.

Əzəli rəqiblərin Tovuzdakı qarşıdurması gözləniləndən də maraqlı və dramatik alındı. “Neftçi” ilk hissədə 2 dəfə hesabda önə keçməsinə baxmayaraq, fasiləyə məğlub durumda yollandı. İkinci hissənin əvvəlində hesab arasındakı fərqi 2-yə çatdıran “Kəpəz” son saniyələrdə qapısından 3-cü qolu buraxsa da, matçdan 4:3 hesablı vacib qələbə ilə ayrılmağı bacardı. Beləliklə, gəncəlilər cari mövsümdə ilk qələbə ilə yanaşı, ilk xallarını da qazanmış oldular. “Qara zolaq”dan heç cür çıxa bilməyən “Neftçi” isə ilk dövrəni 9-cu pillədə və digər 9 komandadan fərqli olaraq, qələbəsiz başa çatdırdı.

Maraqlıdır ki, sonuncu yerdə qərarlaşan “Kəpəz”ə məğlubiyyətdən sonra da “ağ-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk özündə istefa vermək gücü tapmadı. Onun yerində hər hansı bir azərbaycanlı çalışdırıcı olsaydı, çoxdan öz xoşu ilə postundan ayrılmışdı. Amma “Neftçi”ni çempion etmək məqsədilə gətirilən, əvəzində komandanı daha rüsvay vəziyyətə salan Qriqorçukun olanlar vecinə deyil. Özünə hörmət edən məşqçi olsaydı, klubla müqaviləsinin davam etməsinə fikir verməz, “Kəpəz”ə məğlubiyyətdən dərhal sonra istefa ərizəsini yazardı. Tutdurub ki, komandanı bu vəziyyətdən çıxaracaq, qarşıdakı turlarda nəticələr yaxşılaşacaq. Dediyi baş versə belə, “Neftçi” cari mövsümü boşa verib. Hegemonluğuna son qoymaq istədiyi “Qarabağ”dan artıq 16 xal geridədir. Ağdam klubunun ehtiyatında bir oyunun olduğunu nəzərə alsaq, bu fərq arta da bilər.

Amma kimə deyirsən?! Düz deyiblər, utanmasan, oynamağa nə var ki… Boşa verilən mövsümlər, qeydə alınan uğursuz nəticələr “Qarabağ”ın hegemonluğunu bir qədər də gücləndirir. Bunun fonunda “Neftçi”nin ancaq adı qalmaqdadır.

“Səbail”in oyanışı

Mövsümü uğursuz keçirən daha bir komanda – “Səbail” isə bu tur “qara zolaq”dan çıxmağı bacardı. “Şamaxı”nı qəbul edən “dənizçilər” istəkli olduqlarını ilk dəqiqələrdən nümayiş etdirdilər. İlk 20 dəqiqə qarşılıqlı hücumlar şəraitində keçdi. Tədricən meydan sahibləri təzyiqi artırdılar və 27-ci dəqiqədə Qorka Laruçça cərimə meydançası həndəvərindən baxımlı qol vurdu. Bu, yeni transferlərdən olan ispan yarımmüdafiəçinin Misli Premyer Liqasında 3-cü qolu oldu.

63-cü dəqiqədə Brahim Konate qırmızı vərəqə alaraq “Şamaxı”nı azlıqda qoydu. Bundan cəmi 6 dəqiqə sonra isə “Səbail” rəqibi əks-hücumda yaxalayaraq, matçda yekun hesabı müəyyənləşdirdi – 2:0. “Səbail” bu qələbə sayəsində sonuncu pillədən bir qədər uzaqlaşa bildi.

Hərəyə 1 qol, 1 xal

“Sabah” – “Araz-Naxçıvan” matçı erkən qollarla başladı. 5-ci dəqiqədə qonaqların qapıçısı Kristian Avramın cari mövsümdə növbəti kobud səhvini meydan sahiblərinin hücumçusu Pavol Şafranko bağışlamadı. Lakin cəmi 3 dəqiqə sonra “qırmızı-ağlar” status-kvonu bərpa etdilər. Bəxtiyar Həsənalızadənin əla uzun ötürməsindən sonra Felipe Santos dəqiq baş zərbəsi ilə toru silkələdi. Bundan sonra tərəflərin cəhdlərinə baxmayaraq, oyunda başqa qol vurulmadı və hər iki komanda meydanı 1 xalla tərk etdi.

“Turan Tovuz” son dəqiqələrdə sevindi

Turun ən maraqlı oyunlarından biri “Turan Tovuz” və “Zirə” arasında keçirildi. İlk hissədə qol olmasa da, azarkeşlər hər iki komandanın ifasında qol vəziyyətlərinə şahidlik etdilər. Ancaq fasiləyədək üstün tərəfin “Zirə” olduğunu qeyd etmək lazımdır. Birinci hissədə Davit Volkov 3 dəfə real qol imkanı əldə etsə də, epizodların ikisində tovuzluların qapıçısı İvan Konovalov əla oynadı, digərində isə dirək meydan sahiblərini qoldan xilas etdi.

Fasilədən sonra isə oyunun ssenarisi dəyişdi. Üstünlüyü ələ keçirən “Turan Tovuz” ardıcıl hücumlar qurmağa başladı. “Zirə” rəqibin təzyiqi qarşısında sonadək tab gətirə bilmədi. 89-cu dəqiqədə Faiq Hacıyevin cərimə meydançası daxilindən zərbəsi qarşısında qonaqların qapıçısı Aydın Bayramov aciz qaldı. Bu qol oyunda yekun hesabı müəyyənləşdirdi və “Turan Tovuz” meydanı 3 xalla tərk etdi.

İlk dövrənin çempionu – “Qarabağ”

“Sumqayıt” səfəri “Qarabağ” üçün heç də asan alınmadı. Ötən həftəiçi Avropa Liqasının Liqa mərhələsində Bakıda “Malmö”yə uduzan “köhlən atlılar” bu görüşdə də özlərinə bənzəmirdilər. Oyundan narazı qalan baş məşqçi Qurban Qurbanov 73-cü dəqiqədə əsas heyətin 3 üzvü – Elvin Cəfərquliyev, Abdullah Zubir və Olavio Juninyonu meydana buraxdı. Bu əvəzetmələr ediləndən cəmi 1 dəqiqə sonra “Qarabağ” axtardığı qolu tapdı. Elvin Cəfərquliyev topa ilk toxunuşundaca uzaq küncü dəqiq nişan aldı. Bu qol Ağdam klubunun Sumqayıtdan 3 xalla ayrılması üçün yetərli oldu. Beləliklə, ehtiyatda 1 oyunu olan “Qarabağ” buna rəğmən ilk dövrəni 1-ci pillədə bitirdi.

FƏRİD

Shares: