“Sumqayıt”ın gürcüstanlı oyunçusu Giorgi Karaişvilinin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”la matçda minimal hesablı məğlubiyyət aldınız. Xal qazanmaq üçün nə çatmadı?
– Komanda çox yaxşı oynadı, hər oyunçu əlindən gələni etdi. Amma bu, futboldur və hər şey olur. Xüsusən də “Qarabağ” kimi klubla oyunlarda belə şeylər gözləniləndir.
– Ümumiyyətlə, əksəriyyət “Qarabağ”dan daha rahat qələbə gözləyirdi. Amma sanki “Sumqayıt” gücünü sübut edə bildi. Bununla razılaşırsız?
– Bəli, biz həqiqətən komanda şəklində və güclü oynadıq.
– Azərbaycan çempionatı necə təsir bağışlayır?
– Mən hələ çox oyun oynamamışam və demək olar ki, tanışlıq mərhələsindəyəm. Amma indiyə qədər gördüklərimə görə çox yaxşı çempionat olduğunu deməliyəm.
– Burada çoxlu sayda gürcü oyunçular çıxış edib və edir. Onları tanıyırsız? Hansı ilə daha yaxın münasibətiniz var?
– Demək olar ki, hamısını tanıyıram. Amma “Zirə”də çıxış edən Davit Volkovla xüsusi münasibətim var.
– Sonuncu dəfə Türkiyə birinci liqasında “Kocaelispor”da çıxış etmisiz. “Neftçi”nin kapitanı Ramil Şeydayevlə birgə oynamısız. Onunla münasibətin necədir? Azərbaycana gəlməmişdən öncə danışa bildiniz?
– Mənim də Ramillə münasibətim yaxşıdır. Azərbaycana gəlişim birdən-birə həll olundu və əvvəlcədən heç kimlə danışmadım. Ona görə də Ramillə də əlaqə saxlamamışdım.
– Qarşıda sizi yenə də çətin oyun gözləyir. Bu mövsüm liqanın ən yaxşılarından biri olan “Turan Tovuz”la qarşılaşacaqsız. Evdə qələbə qazana biləcəksiz?
– Fikrimcə, istənilən gücdə olan istənilən rəqiblə layiqli mübarizə aparmaq imkanımız var.
FƏRİD