İdman sahəsini təkcə meydanda və salonlarda yaşanan hadisələrlə məhdudlaşdırmaq olmaz. İdmanın populyarlığının artmasında bəlkə də media qədər ikinci vasitə yoxdur. Bu gün hansısa idman növü sevilirsə, onu məhz media bu səviyyəyə yüksəldib.
Bəs, medianın öz qanunları idmanla necə bütünləşir? Bu yöndə suallara cavab vermək üçün Bakı Dövlət Universitetinə yollanıb korifey jurnalist Qulu Məhərrəmli ilə söhbətləşmək qərarına gəldik.
– Başlayaq “Qarabağ”dan. Komandamız bu mövsüm Avropa Liqasında elə uğurlu çıxış etməsə də, ümumi olaraq son 10 ildə Azərbaycanın başını uca edir. Bu haqda nə deyərdiniz?
– Mənim düşüncəmə görə, son illər “Qarabağ” təkcə idmanda yox, ölkədə ümumi əhval-ruhiyyənin bir güzgüsünə çevrilib. Futbolla maraqlanmayanlar da Ağdam klubunun oyunlarını diqqətlə izləyir, uğurlarına sevinir, məğlubiyyətinə üzülür. Əslində, idmanın populyar olduğu bütün dünya ölkələrində bu proses baş verir.
– Bir vətəndaş kimi milli komandanın zəif çıxışı haqda nə deyə bilərsiz?
– İnsanın iki qolu var. O qolları bir-birindən ayırmaq olmaz.”Qarabağ” müəyyən mənada bizim simvolumuzdursa, Azərbaycan yığması ümumi milli ruhun daşıyıcısıdır. Uğurlar olanda əhval-ruhiyyə yüksəlir, məğlubiyyət olanda adam danışmağa söz tapa bilmir. Amma biz bu iki komandanın qazandığı nəticələri təsadüflərə bağlaya bilmərik. Ölkədə uşaq futbolu inkişaf etməlidir. Bir ölkədə idman təsadüflərə bağlı olmamalıdır. Görürük ki, bəzi növlər üzrə kənardan ölkəyə əcnəbi idmançılar gətiririk, bunu haradasa keçici hal kimi başa düşmək olar. Amma futbol və gimnastika kimi populyar idman növlərini inkişaf etdirmək çox vacibdir. Sovet dövründən bəri bu ölkədə uşaq futbolundan danışırlar, indi-indi nəyəsə cəhd edirlər. Bütün dünya ulduzları bu səviyyəyə yüksəlmək üçün aşağı yaş qrupları üzrə təlimlərdən püxtələşib. Onlar məhəllə futbolundan çıxıb, məktəblər görüb, formalaşıb. Ona görə də buna çox ciddi yanaşmaq lazımdır.
– Təbii ki, Qulu Məhərrəmli ilə danışırıqsa, əsas mövzumuz Azərbaycan idman mətbuatı olmalıdır. Azərbaycan mətbuatının səviyyəsini şaxələrə bölsək, yəni reytinq hazırlasaq, Azərbaycan idman mətbuatı neçənci yerdədir? Yəni deməyim odur ki, ictimai-siyasi, hərbi, iqtisadiyyat və bu kimi sahələrlə müqayisədə hansı mövqeni tutur?
– Bunu dəqiq göstərici kimi qeyd etmək çətindir. Amma belə götürsək, Azərbaycanda mövzular üzrə ən populyar sahə idmandır. Çünki onun izləyənləri çoxdur. İkinci yerdə mədəniyyəti, üçüncü yerdə siyasəti, dörddə iqtisadiyyatı qərarlaşdırmaq olar. Qalan yerlərdə hüquq, səhiyyə və başqa sahələrdir. Bizdə idman jurnalistikası son illər xeyli inkişaf edib. Artıq Bədən Tərbiyəsi və İdman Akademiyasında xüsusi ixtisaslaşma, orada bu sahədə magistratura təhsili alanlar var. Ölkədə idman araşdırmaları sahəsində müəyyən işlər görülür. Bunlar müsbət tendensiyalardır. Amma bu, vaxtilə Azərbaycanda mövcud olmuş idman jurnalistikasının heç 50 faizi də deyil. O vaxt bizim xüsusi idman qəzetimiz çıxırdı. Bununla yanaşı, “Bakı-Баку” və başqa qəzetlərdə idman şərhləri gedirdi. Güclü yazarlarımız var idi. İndi də izləyirəm, yaxşı yazarlar var. Şərhçilik məktəbi artıq formalaşmağa başlayıb. Vaxtilə bizim Valid Sənani, Qərib Əhmədli, Sabutay Quliyev və Çingiz İsmayılov kimi şərhçilərimiz olub. İndi də gənclərimiz öz işinin öhdəsindən gələ bilir. Məsələn, izlədiyimiz son Avropa çempionatında şərhləri bəyəndim. İdman şərhçisi daim öz üzərində işləməlidir. O iki şeyi dəqiq bilməlidir, birinci danışdığı idmanı, bir də sadə, populyar və kütləvi dildən istifadəni. Belə olanda şərh də yaxşı alınır.
– Müasir Azərbaycan idman mətbuatının ən böyük uğuru və ən böyük nöqsanı hansılardır?
– Bir az mürəkkəb sualdır. Əlbəttə, ən böyük uğur idman jurnalistikasının özünün differensiasiyasıdır. Artıq müxtəlif idman növlərini şərh edənlərimiz var. Bu, çox müsbət tendensiyadır. Bizdə ixtisaslaşmış media qurumları var, saytlar çoxalıb. Məsələn, bizdə “Futbol+” qəzeti çıxır, indi onun saytı da fəaliyyət göstərir. Xüsusi idman saytlarının sayı artıb. Ayrı-ayrı federasiyaların saytları mövcuddur. Onların mətbuata ötürdüyü xəbərlərin keyfiyyəti yüksəlib. Dünya idmanına inteqrasiya baxımından uğurlarımız var. Uğursuzluqlara gəlincə, müəyyən yarışların yaxşı təşkil olunmamasına görə onlarla bağlı informasiyanın ictimaiyyətə yaxşı çatdırılmamasıdır. Mən hələ yazıların keyfiyyətindən, şərhçilərin və ya qələm sahiblərinin buraxdıqları səhvlərdən danışmıram. Çünki bunlar xırda məsələlərdir. Peşəkarlıq hər şeydən öndə olmalıdır.
– Sovet dövrü idman mətbuatı, müstəqilliyin ilk illləri və indiki dövr. Arada hansı fərqlər var?
– Mən özüm “köhnə adam” olduğumdan əlbəttə ki, üstünlüyü keçmiş zamana verirəm. Bu da sırf peşəkar yanaşmaya görədir. İndi idman növləri, federasiyalar və ya saytlar artıb, amma o vaxt idman sahəsi daha rəngarəng və peşəkar formada işıqlandırılırdı. Əlbəttə, indi yaxşıları deməmək də ədalətsizlik olardı. Sadəcə, sistem olaraq qiymətləndirməyə qalsa, biz müəyyən mənada keçmişə uduzuruq. Bu nostalji ilə bağlı yox, sırf peşəkarlıqla əlaqəli məsələdir.
– Azərbaycan idman mətbuatının tənqid dozası nə səviyyədədir? Tənqidlər obyektivdirmi?
– Bu məsələlərdə iki cür yanaşma var. Biri peşəkar, digəri isə implusiv yanaşmadır. Peşəkar yanaşma öz kriteriyaları ilə çıxış edir, amma qərəzli yanaşma implusiv yanaşmadır. Məsələn, “Qarabağ” niyə qalib gəlmədi, filan idmançı niyə uduzdu? Heç bir idmançı və komandanın alnına bütün oyunları udmaq yazılmayıb. Yaxşı oyun göstərməyin özü də qələbədir. Biz tamaşaçalarımızı bununla bağlı xeyli savadlandırmalıyıq. İdmana düzgün yanaşmanı aşılamaq lazımdır. Yəni adi məğlubiyyətdən sonra komandadan üz çevirmək, idmançıları gözdən salmaq biabırçılıqdır. Məsələn, bu yaxınlarda belə bir mövzunu ortaya atmışdılar: Qurban Qurbanovun bahalı köynəyi var. Bu, çox səhv və həm də ədalətsiz yanaşmadır. Öz işinin öhdəsindən gələ bilməyən məmur belə tənqid olunsa, başadüşüləndir, amma fədakar məşqçinin əynindəki köynəyi müzakirəyə çevirmək səviyyəsizlikdir.
– Rəqəmsal platformalar bütün sahələri ələ keçirib, qəzetlərə, hətta televiziyalara belə zərbə vurub. Gələcəkdə vəziyyət hansı həddə çata bilər? Bu, bizim idman yayımçılığına necə təsir göstərə bilər?
– Bu, təkcə idman jurnalistikasının deyil, ümumən mətbuatın problemidir. Bu gün artıq bütün sahələrdə multimedia öz sözünü deyir. Onlayn jurnalistika daha çox ön plana çıxır. Hələ gələcəkdə texnologiya daha da təkmilləşəcək, yarışların koordinasiyası müəyyən səviyyəyə yüksələcək. Onlayn media və operativlik həmişə öndə olacaq. Amma analitik təhlil yazılı mediada öz yükünü saxlayacaq. Ona görə də biz auditoriyanı daha çox düşünməyə alışdırmalıyıq, onları obyektiv fikir yürütməyə meyilləndirməliyik. Bu, həm jurnalistlərə, həm də tamaşaçılara aiddir.
– Müasir texnologiya həm də jurnalistikaya bir qol kimi bitişən bloggerliyi də yaratdı. Bu gün idman sahəsində çalışan bloggerlər var ki, jurnalistika təhsili alanları operativlikdə, informasiya ötürmədə üstələyir. Bu, nə dərəcədə ədalətlidir?
– İndiki medianın özəlliklərindən biri də təsadüflər üzərində qurulmasıdır. Ümumi mətbuatda bəlli bir səviyyənin yiyəsi olmaq, auditoriyanı idarə etmək, idman mövzusunda qeyri-adi yanaşmaları ilə diqqət cəlb etmək halları var. Amma bunu intellekti, biliyi və bacarığı olan adamlar həyata keçirə bilər. Təbii ki, təhsilin olması yaxşı haldır. Amma mən təhsili olmayan bloggerin uzun müddət uğur qazanacağına inanmıram. O, bəlli 2-3 addımda uğur əldə edə bilər, dərin bilik bazası və bacarığı yoxdursa, təhsilini artırıb dünya təcrübəsindən bəhrələnmirsə, çox uzağa gedə bilməz.
– Balaca bir ölkədə niyə bu qədər idman saytı var?
– Çoxluq anlayışı həmişə etirazla qarşılanan amillərdən biri olub. Vaxtilə deyirdilər ki, Azərbaycanda universitetlərin sayı çoxdur, qəzetlər kifayət qədərdir. Əslində, saytların çoxluğu rəqabət üçün şərait yaradır, digər tərəfdən də ağı-qaradan seçməyə imkan verir. İndinin özündə də təmərküzləşmə prosesi gedir. Məsələn, indi 5 il əvvəlki qədər sayt yoxdur. Sıradan çıxırlar. Bu, hüceyrə kimi bir şeydir. Doğulur, yaşayır və məhv olub gedir. Mən çoxluğun mövcudluğuna problem kimi baxmıram. Hansı saytdan daha çox istifadə olunursa, o daha çox yaşayacaq.
– İdman saytların ən böyük problemi “copy-paste”dır. Bu, nəyin nəticəsidir?
– Təəssüf ki, bu, bütün mediada belədir. Mən bunu maliyyə ilə əlaqələndirirəm. Çünki saytlar lazım olan əməkdaşlar cəlb edə bilmir. Nəticədə bir admin bir saytı idarə edə bilir. Ona görə də bu problemlər həmişə var və uzun müddət də olacaq.
– Bunu bir qədər öncə də xatırlatdınız, yəni Azərbaycanda universitet səviyyəsində idman jurnalistikası ilə bağlı ixtisaslaşma var. Bəs, bunun keyfiyyəti nə yerdədir?
– Əslində, bu fakültənin olmamasındansa olması daha yaxşıdır. Hə, məhz bundan sonra keyfiyyətə də baxmaq lazımdır. Biz bu sahədə təhsil alanlara idmanın spesifik sahə olmasını başa salmalı, onun işıqlandırılmasının əsas nüanslarını, sənətkarlıq və peşəkarlıq məsələlərini öyrətməliyik. Bu sahə bizdə yenidir. Amma dünyada bununla bağlı böyük təcrübə var. Biz bu təcrübədən bəhrələnib tədrisin keyfiyyətini artıra bilərik.
– Bəs bizdə idman jurnalistikası ilə bağlı tədris prosesində beynəlxalq təcrübədən nə dərəcədə yararlanırlar? Çünki Qərb ölkələrində idman jurnalistikasının səviyyəsi çox yüksəkdir.
– Mən özüm bu prosesin içindəyəm. Biz beynəlxalq ekspetlərlə bir yerdə işləyirik, birgə treninqlər aparmışıq. Bu treninqlərin faydalı olacağına inanırıq. Bəzən 10 günlük treninq bir bakalavr təhsilinə bərabər olur. Önəmli olan medianın fəlsəfəsini dürüst anlamaq, xəbər yazmağı bacarmaq və bunların texnologiyasını mənimsəməkdir.
– İspaniyada “Marka”, İtaliyada “La Gazetta dello Sport”, Rusiyada “Sport-Eksperss” oxunur, Azərbaycanda “Futbol+” isə o qədər oxunmur. Yəni artıq gənc nəslin əlində qəzet görünmür.
– Buna ancaq təəssüflənmək lazımdır. Baxın, ölkədə kitaba münasibət 10 il əvvəlki dövrlə müqayisədə fərqlənir. Artıq kitab mağazaları açılır, sərgilər və yarmarkalar təşkil olunur. Yeni nəsillə kitab arasında məsafə qısaldılır. Mənə elə gəlir ki, müasir insan təkcə elektron media ilə münasibətdə olmamalıdır. Yəni, o kitab da oxumalıdır, qəzetlərə də baxmalıdır. Bu yöndə qəzet də oxucularla təması genişləndirməlidir. ABŞ və Böyük Britaniyada qəzetlər elektron versiyası ilə kağız versiyası arasında körpü yaratmağa çalışır. Onlar oxuculara kağız qəzeti almağı da aşılayır. Bu vərdişə alışan idman həvəskarı həm elektron, həm də kağız qəzetdən istifadə edəcək.
– İdman sahəsində işləyən jurnalistlərdən tələbələriniz var? Varsa, ad çəkə bilərsiniz?
– Əlbəttə, belələri var. Doğrudur, ad çəkməyə çətinlik çəkirəm, qorxuram ki, unudaram, amma təmasda olduğumuz idman yazarları var. Bizdən zəng edib məsləhət alanlar da var. Mən onların uğurlarına çox sevinirəm. Onların idmana olan marağını yüksək qiymətləndirirəm.
TAHİR MİRZƏ