Misli Premyer Liqasında birinci dövrə başa çatıb.
Futbolinfo.az saytı xəbər verir ki, 3-cü turun təxirə salınmış “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” oyunlarını saymasaq, geridə qalan 9 turda 43 oyun keçirilib.
Mövsümün birinci dövrəsində qapılara ümumilikdə 116 qol vurulub. Bu, orta hesabla hər oyuna 2,69 qol, hər tura isə 12,88 qol deməkdir.
Ən məhsuldar tur 8-ci tur olub. Həmin turda komandalar 19 dəfə fərqləniblər. Bir tur əvvəl isə bu say 17 olub. Yalnız 2 və 3-cü turlarda 10 qol səddinə çatmaq mümkün olmayıb. Belə ki, komandalar 2-ci turda 9, 3-cü turda isə 8 dəfə mərkəzə dəvət olunublar. Ancaq 3-cü turun iki matçının təxirə salındığını nəzərə almaq lazımdır.
Qarşılaşmalarda meydan sahibləri 64, qonaqlar 52 qola seviniblər. Maraqlıdır ki, komandalar hər hissədə ümumilikdə 58 dəfə azarkeşlərini sevindiriblər.
Qol sayında yenə əcnəbilər böyük üstünlüyə malikdirlər. Belə ki, gəlmələr aktivlərinə 82 qol yazdırıblarsa, yerlilərin hesabında 33 top var. Bir dəfə isə avtoqol qeydə alınıb.