“Bəxtiyar Həsənalızadəyə deyirdim ki, Azərbaycanda çıxış etməkdən məmnun olaram. İş elə gətirdi ki, həqiqətən də bura gəldim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in yeni futbolçusu  Mahamadu Ba deyib.

25 yaşlı yarımmüdafiəçi komandası ilə birlikdə zirvədə olmaq üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib: “Azərbaycana gəlməmiş “Kəpəz”in hazırkı durumunu bilirdim. Buna baxmayaraq, zirvədə olmaq üçün əlimizdən gələni edəcəyik. Türkiyədə “Tuzlaspor”a keçən vaxtdan Azərbaycan liqası haqqında bir az danışan birini tanıyırdım. Bu komanda yoldaşım Bəxtiyar Həsənalızadə idi. Ona deyirdim ki, bir gün mən də orada oynayaram, Azərbaycanda çıxış etməkdən məmnun olaram. Məhz “Kəpəz” komandasına gəldiyim üçün çox xoşbəxtəm. Oyunçular, kollektiv məni çox yaxşı qarşıladı. Debüt matçımda qol vurdum. İnşallah, komanda olaraq bütün oyunlarda eyni əzmlə çıxış edərik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Qeyd edək ki, Mahamadu Ba karyerası ərzində Türkiyənin  “Ərzurumspor”, “Adana Dəmirspor”, “İstanbulspor” və “Tuzlaspor” kimi komandalarda oynayıb. Ba “Ərzurumspor” və “İstanbulspor”un heyətində Türkiyə Super Liqasında çıxış edib. O, debüt oyununda “Neftçi”yə baxımlı qol vurmaqla 4:3 hesablı qələbədə, gəncəlilərin ilk xallarını qazabmasında önəmli rol oynadı.

GÜNAY SÜLEYMANOVA

Shares: