“Səbail” klubunun futbolçusu Süleyman Əhmədovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 9-cu turunda “Şamaxı” üzərində 2:0 hesablı qələbə qazandınız. Bu oyuna qədər isə komanda ardıcıl məğlubiyyətləri sıralayırdı. Üzərinizdə təzyiq var idi ki, birdən bu görüşdə də uduzarıq? Sizcə, “Şamaxı”nı nəyin hesabına üstələyə bildiniz?
– “Şamaxı”ya qarşı çox yaxşı oyun keçirdik. İlk dəqiqələrdən üstünlük qazandıq. Qoldan sonra da rahatlaşmadıq. Komanda şəklində sonadək mübarizə apardıq. Nəticədə qalib gəldik. Uzunmüddətli qalibiyyətsizlik təbii ki, psixoloji baxımdan mənfi təsir göstərirdi. Amma hər birimiz bu seriyanı qırmaq üçün çalışırdıq. Həqiqətən də, “Şamaxı” ilə oyunda çox yaxşı mübarizə apardıq və inamlı qələbə qazandıq.
– Turun digər görüşündə “Kəpəz”in “Neftçi”yə qalib gəlməsi sizə əlavə motivasiya vermişdi?
– Bizi daha çox öz oyunumuz maraqlandırır. Yaxşı nəticələr qazanıb xal ehtiyatımızı artırmağa çalışırıq. Meydanda var gücümüzlə mübarizə apardıq və 3 xal əldə edə bildik.
– Artıq çempionatda ilk dövrə geridə qaldı. 9 oyunda qazanılan 7 xal sizi razı salır? Dövrəni neçə xalla bitirmək olardı?
– Təbii ki, xal ehtiyatımız çox olsa, daha yaxşı olardı. Təəssüf ki, meydanda işlər bəzən istədiyimiz kimi getmir. Öncə də qeyd elədim ki, əksər oyunlarımızı çox yaxşı keçirmişik. Amma bəzi qarşılaşmalarda bəxtimiz gətirməyib. Bu qələbə bizə gələcək matçlar üçün böyük motivasiya olacaq.
– Millinin oyunları ilə əlaqədar çempionatda yaranan fasilə “Səbail”ə necə təsir edəcək?
– Fasilədən maksimum faydalanmağa çalışacağıq. İlk dövrədə etdiyimiz səhvləri təkrarlamamalıyıq. Qarşıda bizi çox vacib oyunlar gözləyir və bu matçlardan gözləntimiz böyükdür. Fasilədə üzərimizdə daha çox işləyəcəyik və əlimizdən gələndən də artığını edərək oyunlara maksimum nəticə üçün çıxacağıq.
– Ötən mövsümü də “Səbail”də keçirmiş futbolçulardan birisiniz. Yayda komandaya qoşulan legionerlər kollektivə tam uyğunlaşa biliblər? Keçənilki “Səbail”dən kimin indi yeri görünür?
– Məncə, artıq buradakı hər kəs özünü “Səbail”in bir parçası hiss edir. Çox yaxşı komandamız, heyətimiz var. Yeni gələnlər üçün də bu, belədir. İlk vaxtlarda müəyyən çətinliklərin olması normaldır. Artıq 3 aydır birlikdəyik. İstər meydanda, istərsə də meydandan kənarda hər kəs bir-biri ilə anlaşmağı bacarır.
– Fasilədən sonra ilk oyununuzu “Neftçi”yə qarşı keçirəcəksiniz. Rəqib cari mövsümdə hələ də qələbə qazana bilməyib. Bu, matçdan 3 xalla ayrılmaq ehtimalınızı artırır?
– Hər oyuna olduğu kimi, bu matça da maksimum nəticə qazanmaq üçün çıxacağıq. Rəqibimiz yaxşı mövsüm keçirməyə bilər, amma “Neftçi” yaxşı komandadır. Ona görə də arxayınlaşmırıq. Əlimizdən gələnin ən yaxşısını edərək növbəti turda da uğurlu nəticə qazanmaq istəyirik.
ABBAS