“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la heç-heçə (1:1) etdiniz. Matçla bağlı fikirləriniz necədir? Nəticə oyuna görə oldu?

– Çox maraqlı və prinsipial oyun keçdi. Məncə, hər iki komanda layiqli mubarizə apardı. Heç-heçə ədalətli hesab idi.

– Çempionatın bunaqədərki hissəsini “Araz-Naxçıvan” üçün necə dəyərləndirirsiniz? Topladığınız xal və tutduğunuz mövqe sizi tam qane edir?

– Düşünürəm ki, komandanın mövqeyi, topladığı xallar pis deyil. Amma daha da çox xal toplaya bilərdik. Əsas da “Neftçi” ilə oyunda itirdiyimiz xallara görə çox üzülürəm. Həmin görüşdə 10 saniyəyə 2 xal əlimizdən çıxdı və bu, hər birimizi məyus etdi.

– Millimizin heyətindəki dəyişikliklə əlaqədar, Millətlər Liqasında Estoniya və Slovakiya ilə keçiriləcək oyunlara dəvət aldınız. Sizə dəvət gəldiyi üçün hansı hissləri keçirdiniz?

– Çox sevincliyəm. İlk dəfədir ki, əsas milliyə dəvət alıram. Şükürlər olsun ki, Allah bu günü mənə nəsib etdi. Bir ara futboldan uzaq düşmüşdüm. Qayıdıb bu səviyyəyə qalxmaq, milliyə dəvət almaq üçün hansı yolları keçdiyimi Allah bilir. Təbii ki, yığmanın düşərgəsinə çağırılmaq mənim üçün olduqca xoş, sevindirici haldır. Hisslərimi tam olaraq sözlə ifadə etmək mənə çətindir. Gözəl hisslərdir. İnşallah, davamlı olaraq milliyə dəvət alaram. Milli hər bir futbolçunun can atdığı yerdir. Hər bir oyunçu üçün yığmada olmaq qürurverici hissdir.

– Qarşıdakı oyunlarda millimiz bizi sevindirə biləcək?

– Həyatda həmişə maksimuma köklənmişəm. Rəqibin kimliyi heç vaxt mənə maraqlı olmayıb. Qarşıdakı görüşlərə ancaq qələbə üçün çıxacağıq. Qalibiyyət üçün vuruşmalıyıq. Meydanda əlimizdən gələni etməliyik. İnşallah, hər iki matçdan yaxşı nəticə ilə ayrılarıq və xalqımızı sevindirərik.

– Milli ilə əlaqədar çempionatda yaranmış fasilədən sonra “Araz-Naxçıvan” ilk oyununu “Şamaxı”ya qarşı keçirəcək. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?

– Komandamız hər oyunda qələbəyə köklənir. Matça optimal formada çıxsaq, düşünürəm ki, istədiyimiz nəticəni əldə edə bilərik.

– “Araz-Naxçıvan” mövsümün sonunadək turnir cədvəlində iddialılar sırasında qalmağı bacaracaq?

– Bunu zaman göstərəcək. Çempionata yaxşı başlamışıq. Çalışacağıq ki, bu tempi mövsümün sonunadək davam etdirək. “Araz-Naxçıvan”ın sezonu üst pillələrdən birində bitirməsi üçün əlimizdən gələni edəcəyik.

AĞA

Shares: