“Mançester Yunayted”in əfsanəvi heyətinin üzvlərindən olmuş Pol Skoulz klubun transfer siyasətini tənqid edib.
Futbolinfo.az xəbər verir ki, sabiq yarımmüdafiəçi konkret oyunçularla bağlı danışıb: “Baxın, Rasmus Hoylund yaxşı oynayır, amma o, mövsüm ərzində 20 qol vuracaqmı? Və ya Coşua Zirkzeenin 9, yoxsa 10 nömrə olduğu bilinmir. Bəs, o 20 qol vura bilərmi? Mümkün olduğunu düşünmürəm. Mançesterlilər sübut olunmuş səviyyədən daha çox ümidə güvənirlər. Çox böyük pullar xərclədilər, amma bir çox futbolçu hətta heyətə düşə bilmir”.
Skoulz yarımmüdafiənin gücləndirilməsinin vacib olduğunu düşünür: “Amma onlar Manuel Uqarteni aldılar, Matis De Liqti 50 milyon funt-sterlinq xərcləyərək gətirdilər. Baş məşqçinin milyonlar xərclətdirdiyi Lisandro Martines gözləyir, 36 yaşlı Conni Evans oynayır, Viktor Lindelof, Harri Maquayr forma geyir. Bu, sadəcə, transfer fiaskosudur”.