Respublika Şahmat Mərkəzində təşkil edilən şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.
Futbolinfo.az Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərin yarışında rapid və blits turnirinin yekunlarına əsasən 14 xal toplayan Eltac Səfərli çempion olub.
Çempiondan yarım xal az toplayan Vüqar Rəsulov ikinci, Məhəmməd Muradlı isə üçüncü yeri tutub.
Qadın şahmatçıların yarışında 12,5 xal toplayan Azərbaycan millisinin üzvü Gülnar Məmmədova qızıl medala yiyələnib. Eyni xala malik Zeynəb Məmmədyarova əlavə göstəricilərə görə ikinci olub. Milli üzvü Xanım Balacayeva 12 xalla bürünc medal qazanıb.
Azərbaycan çempionatının bağlanış mərasimində qalib və mükafatçılara medal və diplomları AŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, həmçinin AŞF-nin vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu 8000 manat təşkil edib. Qalib və mükafatçılar dünya çempionatında iştirak hüququ əldə ediblər. İlk 3 yeri tutan şahmatçılar ABŞ-nin Nyu-York şəhərində təşkil olunacaq mundiala ezam olunacaqlar.