“Sabah” klubunun xorvatiyalı yarımmüdafiəçisi İvan Lepiniçanın futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan” ilə 1:1 hesablı heç-heçə etdiniz. Sizcə, nəticə ədalətli oldu?
– Çətin oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Meydana 3 xal üçün çıxmışdıq. Təəssüf ki, alınmadı. Fikrimcə, hər iki komanda xala layiq idi. Bu mənada nəticəni ədalətli saymaq olar.
– Çempionatın ilk dövrəsi geridə qaldı. Komandanızın bunaqədərki çıxışından razı qaldınız? Yoxsa düşünürsünüz ki, daha artıq xal toplaya bilərdiniz?
– Məncə, komanda olaraq ilk dövrəni pis keçirmədik. Lakin düşünürəm ki, biz daha yaxşısına qadirik. Çıxışımızdan tam razı qaldığımı da deyə bilmərəm. Fikrimcə, daha yaxşı performans göstərə bilərik.
– “Sabah”a, Azərbaycan çempionatına tam uyğunlaşdığınızı demək olar?
– Çempionatın ilk dövrəsində 9 oyunun 8-də şans qazandım. Komandaya uyğunlaşdığımı deyə bilərəm. Matçlar bir-birindən fərqlənir. Azərbaycan çempionatında hər komanda sona kimi mübarizə aparır. Bu baxımdan çempionatda rəqabət çoxdur. Fikrimcə, qarşıdakı turlar daha çətin keçəcək.
– “Sabah”da meydanda və ondan kənarda hansı komanda yoldaşınızla bir-birinizi daha yaxşı başa düşürsünüz?
– Sadəcə, bir nəfərin adını çəkə bilmərəm. Bütün komanda yoldaşlarımla çox gözəl münasibətim var. İstər meydanda, istərsə də ondan kənarda bir-birimizi əla başa düşürük.
– Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə “Sabah”a necə təsir edəcək?
– İlk dövrədəki çıxışımızı təhlil edib səhvlərdən nəticə çıxarmaq, yenidən bərpa olunaraq qarşıdakı matçlara daha yaxşı hazırlaşmaq baxımından fasilə bizim üçün faydalı olacaq. İnanıram ki, fasilədən sonra daha güclü “Sabah” görəcəksiniz.
– Fasilədən sonra ilk oyununuzu səfərdə “Zirə”yə qarşı keçirəcəksiniz. İkinci dövrəyə qələbə ilə başlaya biləcəksiniz?
– Biz hər oyunda qalib gəlmək istəyirik. Komandada hər bir şəxs yalnız qələbəyə köklənib. Bütün matçlara 100 faiz köklənə, hər görüşdə öz oyunumuzu sərgiləyə bilsək, yaxşı nəticə qazanacağımıza heç bir şübhəm yoxdur.
FƏRİD