“Artıq komandada nəyin yaxşı, nəyin pis olduğunu bilirik. Ona görə bu yöndə işimizi davam etdirəcəyik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qaradağ Lökbatan”ın yeni baş məşqçisi Amit Quluzadə deyib.
O, kollektivlərinə bir-neçə təcrübəli futbolçu qatmaq niyyətində olduqlarını bildirib: “Çox sağ olsun Sadıq Sadıqov, mənə inanıb, güvənərək komandaya dəvət etdi. Hər zaman gənc insanlara kömək olub. Bunun dəfələrlə şahidi olmuşuq. Görüşüb komanda haqda öz fikirlərimizi bildirdik. İnşallah, əlimdən gələni edəcəyəm ki, bu güvəni boşa çıxartmayım. Bilindiyi kimi, çempionatın əvvəlindən komandanın nəticələri ürəkaçan deyil. Ona görə ilk olaraq nəticələri düzəltməyə çalışacağıq. Hazırda heyət gənc, prespektivli futbolçulardan ibarətdir. Biz də çalışırıq ki, kollektivimizə bir neçə təcrübəli futbolçu da qataq ki, gənclərimizlə vəhdət təşkil etsinlər. Çünki onlara bir az təcrübə lazımdır. Amma alınmasa da, bu heyətlə yolumuza davam edəcəyik”.
Xatırladaq ki, I Liqada ilk 4 turdan sonra qol vurmadan xalsız qalan “Qaradağ Lökbatan” bir neçə gün öncə Azər Həşimovu baş məşqçi postundan istefaya göndərib.
GÜNAY SÜLEYMANOVA