“Kəpəz” klubunun yarımmüdafiəçisi Nicat Süleymanovun futbolinfo.az saytına müsahibəsi

– Cari mövsümdəki uğursuz gedişata, nəhayət, çempionatın IX turunda “Neftçi” ilə oyunda son qoya bildiniz. Əzəli rəqiblə görüşün bolqollu (4:3) alınacağını gözləyirdiniz? Sizcə, rəqibi nəyin hesabına üstələməyi bacardınız?

– Düzdür, uzun müddət xal qazana bilmədik. Amma hər oyuna qələbə üçün çıxmışıq. Heç bir komanda uduzmağı sevmir. Dövrənin son görüşü olduğunu bilirdik və yaxşı nəticə əldə etmək istəyirdik. Şükürlər olsun ki, istəyimizə çatdıq və qələbə qazandıq.

– Bu mövsüm ilk qələbənizi və xallarınızı qazanmaq üçün 9-cu turu gözləməli oldunuz. Qələbə və xal həsrətinizin bu qədər uzun çəkməsinin səbəbi nə idi?

– Dediyim kimi, hər oyuna qələbə üçün çıxırıq. Yeni komandayıq. İnanıram ki, çempionatın qalan hissəsində daha çox qələbə qazanacağıq.

– “Neftçi” üzərindəki qələbə “Kəpəz”in özünə gəlməsi, toparlanması üçün bəs edəcək? Ardıcıl məğlubiyyətlər seriyasını bir də yaşamamaq üçün nə etmək lazımdır?

– “Neftçi” elə rəqibdir ki, hər kəs onlara qalib gəlmək istəyir. Biz bunu bacara bildik. Baş məşqçimizin tapşırıqlarını maksimum yerinə yetirə bilsək, daha çox qələbəmiz olacaq.

– Baş məşqçidən söz düşmüşkən, Azər Bağırov öz oyun tərzini futbolçulara tam olaraq aşılaya bilib? Yoxsa ona bir qədər də zaman lazımdır?

– Azər müəllim komanda üçün əlindən gələni edir. Demək olar ki, artıq hər kəs baş məşqçinin ondan nə istədiyini bilir. İstəyimiz turnir cədvəlində yuxarı pillələrə qalxmaq və çempionatı yaxşı yerlərdən birində bitirməkdir. Komandada yeni oyunçular var, bir az zaman lazımdır. Mən keçən il də Azər Bağırovla bir yerdə çalışmışam. Onun məşqçi kimi nəyə qadir olduğunu hər kəs bilir.

– Millinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə “Kəpəz”in xeyrinə olacaq, ya ziyanına?

– Əvvəlcə milli komandamıza gələcək oyunlarda uğurlar arzulayıram. Fasilə müddətində daha çox məşq edərək növbəti matçlarımıza hazırlaşacağıq. Qələbələrə ehtiyacımız var.

– Fasilədən sonra ilk oyununuz “Qarabağ”a qarşı olacaq. Güclü rəqiblə dueldə sürpriz etməyə gücünüz çatacaq?

– Təkcə “Qarabağ”a yox, bütün komandalara ciddi yanaşırıq və fikrimiz ancaq qələbədir. Bu oyuna da 3 xal üçün çıxacağıq. Bütün bacarığımızı meydanda göstərəcəyik. İnanıram ki, “Qarabağ”la oyunda şans üzümüzə güləcək.

– “Kəpəz” azarkeşləri komandanın I liqaya düşməməsini, Premyer Liqadakı yerini qorumasını istəyirlər. Bunu bacaracaqsınız?

– Qarşıda hələ xeyli sayda oyun var. Çempionatın sonuna çox vaxt qalıb. Digər komandalarla aramızdakı xal fərqi elədir ki, indinin özündə belə, çempionatı yaxşı mövqedə bitirmək şansımız var. Hələ heç nə bitməyib. Gəncəli azarkeşlər futbolla yaşayırlar. Onları sevindirmək, komandanı Premyer Liqada saxlamaq üçün kollektiv olaraq əlimizdən gələni artıqlaması ilə edəcəyik. İnşallah, bunu bacararıq.

FƏRİD

Shares: