“Sumqayıt” yeni baş məşqçisini seçib. Klub prezidenti Riad Rəfiyev Samir Abasovu əvəzləmək üçün əcnəbi mütəxəssis gətirmək niyyətindədir.
Yox, Abasov hələ istefa verməyib. Amma onun “Neftçi” ilə danışıq apardığı deyilir. Hətta Rəfiyev şəxsi münasibətlərdə problem yaşadığı məşqçinin özünün getməsini arzulayır.
Sumqayıtlılar vaxtilə “Keşlə”nin baş məşqçisi olmuş Yuri Maksimovla anlaşıb. Rəfiyev 2017-ci ilin sonunda ölkəmizə gələrək 6 ay işləyən, Azərbaycan Kubokunu qazanan 55 yaşlı ukraynalı ilə şifahi razılıq əldə edib. Yayda “Dnipro-1″dən ayrılandan bəri işsiz olan Maksimov Samir bəyin istefasını gözləyir. O, “Keşlə”də rəhbərliyi altında oynayan, hazırda “kimyaçılar”ın əvəzedici heyətinə rəhbərlik edən Vaqif Cavadovu özünə köməkçi götürməyi də razılaşdırıb.
Lakin “Neftçi” hələ seçim etmədiyindən, bu təyinat da reallaşmır. Bakılılar növbəti dəfə əcnəbi çalışdırıcı axtarır, Abasovla danışıqlar dayandırılıb. Hətta indi alınmasa da, ilk büdrəmədə Samir bəyin “Sumqayıt”dan göndəriləcəyi dəqiqdir. Çünki Rəfiyevə Maksimovun təyinatı daha sərfəlidir.