“Şamaxı” klubunun belçikalı hücumçusu Conatan Bentekenin futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Misli Premyer Liqasının IX turunda “Səbail”ə 0:2 hesabı ilə uduzduğunuz oyundan başlayaq. Məğlubiyyətin səbəbini nədə görürsünüz?

– “Səbail” yaxşı komandadır. Demək olar ki, artıq Premyer Liqanın bütün iştirakçıları ilə qarşılaşmışıq. Buna əsasən deyə bilərəm ki, “Səbail” bizə qarşı yaxşı oyun sərgilədi. Rəqibin heyətində fərdi bxaımından keyfiyyətli futbolçular var. Məğlubiyyətin konkret səbəbini söyləmək çətindir. Amma düşünürəm ki, həmin gün “Səbail” bizdən daha yaxşı oynadı, buna görə də qalib gəldi. Bu, futboldur, hər iki tərəf qələbə qazana bilərdi. Lakin həmin gün “Səbail”in günü idi.

– “Şamaxı”nın ilk dövrədəki çıxışını necə dəyərləndirirsiniz? Qazandığınız xal sayı və tutduğunuz mövqe sizi razı salır?

– Əlbəttə ki, bu, bizim üçün yaxşı nəticədir. Şəxsən mən belə düşünürəm. Bizim yaxşı komandamız var. Oyundan-oyuna bir-birimizə daha çox güvənir və meydanda bir-birimizi daha yaxşı başa düşürük. Qazandığımız xallar gördüyümüz işin, çəkdiyimiz zəhmətin nəticəsidir. Lakin qarşıda hələ çox matç var, bu, yalnız başlanğıcdır. Üzərimizdə çalışmağa, məşqlərdə var gücümüzlə işləməyə davam etməliyik. Çünki Azərbaycan çempionatında hər oyun çətin keçir.

– Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə “Şamaxı”ya necə təsir edəcək?

– Təkcə bizim üçün yox, bütün komandalar üçün fasilədir. Düşünürəm ki, dincəlmək və yenidən güclənmək üçün enerji toplamaq baxımından fasilənin faydası olacaq. Məşqlərdə həmişə olduğu kimi, bütün gücümüzlə iştirak edəcəyik. Qarşıdakı oyunlara hazır olmaq üçün çox çalışacağıq.

– Azərbaycan çempionatına tam uyğunlaşa bilmisiniz? Misli Premyer Liqasının səviyyəsi ürəyinizcədir?

– Mümkün qədər tez uyğunlaşmağa çalışıram. Çünki “Şamaxı”ya bütün bacarığımı göstərmək, yaxşı çıxış etmək üçün gəlmişəm. Nə qədər çox oynasam, bir o qədər tez uyğunlaşacağam. Əlimdən gələni etməyə çalışıram. Düşünürəm ki, Azərbaycan çempionatı yaxşı komandaların çıxış etdiyi liqadır. Əminəm ki, Misli Premyer Liqası ildən-ilə daha səviyyəli çempionata çevriləcək. Bu liqada hər oyuna çox ciddi yanaşmalısan. Son turadək bütün komandalar mübarizə aparacaqlar.

– Fasilədən sonra çempionatdakı ilk oyununuzu “Araz-Naxçıvan”a qarşı keçirəcəksiniz. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Şəxsən mən rəqibin kimliyindən asılı olmayaraq, meydana qələbə qazanmaq üçün ayaq basıram. Odur ki, “Araz-Naxçıvan”la görüşdə də ancaq qalibiyyət haqda düşünürəm. Bizim kimi, rəqib də meydana 3 xal üçün çıxacaq. Odur ki, azarkeşləri maraqlı oyun gözləyir.

– “Şamaxı”nın cari mövsümü yuxarı pillələrdə bitirmək potensialı varmı?

– Sezonun sonuna hələ çox var. Proqnoz verməyi sevmirəm. Məni ancaq qarşıdakı oyun düşündürür. Oyundan-oyuna konsentrasiya olmağın tərəfdarıyam. Amma hiss edirəm ki, turnir cədvəlində daha yaxşı yerlərdə olmaq üçün potensialımız var.

İLQAR AĞAYEV

Shares: