“Ümid edirəm ki, hamı sağlam olacaq və biz pley-off, hətta ilk “4-lük” uğrunda mübarizə aparacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Quba”nın gürcüstanlı basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, hər gün fiziki durumlarının daha da yaxşılaşdığını bildirib:

“Məşqlərimiz plan üzrə gedir, ilk 2 həftə kondisiya üzərində çox işlədik və indi taktiki hazırlığa diqqət yetirəcəyik. Hələ çox işimiz var. Mövsüm başlayana qədər hazır olacağıq. Üç yoxlama görüşü keçirmişik. Hazırlıq oyunlarında hesab o qədər də önəmli deyil. Əbəs yerə bunlar yoldaşlıq matçları adlanmır. Hər gün fiziki durumumuz daha da yaxşılaşır”.

“Quba”nın təcrübəli legioneri məqsədlərindən də bəhs edib:

“Ötən il pley-offa vəsiqə qazanmağa çox yaxın idik. Bu il komandamızla bağlı ən çox bəyəndiyim şey hər kəsin düzgün düşüncə tərzinə sahib olmasıdır. Mövsümdəki ilk oyunumuz “Şəki”yə qarşıdır. Hər bir matça qələbə üçün çıxacağıq. Rəqibin isə fərqi yoxdur. Oyuna çıxırıqsa, əlimizdən gələnin maksimumunu edəcəyik. Nəticə də özünü göstərəcək”.

Qoqaladze Qubada azarkeş dəstəyi görəcəklərinə ümid etdiyini söyləyib:

“Bu mövsüm Quba şəhərini təmsil edəcəyik. Təəssüf ki, hələ Qubada olmamışam. Amma eşitmişəm ki, gözəl yerdir. Ümid edirik ki, azarkeşlər basketbolu sevəcək və mövsümboyu bizi dəstəkləyəcəklər, oyunlarda tək qoymayacaqlar. Biz də onları sevindirməyə çalışacağıq”.

Azərbaycan Basketbol Liqasına oktyabrın 18-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp