“Səbail” klubunun baş məşqçisi Şahin Diniyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasındakı ardıcıl məğlubiyyətlər seriyasına 9-cu turda, “Şamaxı” ilə matçda son qoya bildiniz. Oyunla bağlı fikriniz necədir? Görüşdən öncə sizdə və futbolçularda “birdən yenə uduzarıq” qorxusu var idi?

– Əvvəlki oyunlarda da komanda pis təsir bağışlamamışdı. Sadəcə, bəxtsizlik, anlaşılmazlıq və bəzi epizodlarda layiq olmadığımız halda qollar buraxmağımız bizi xallardan məhrum etdi. Ya 90+5-ci dəqiqədə qol buraxdıq, ya da qol vurandan dərhal sonra qapımızda qol gördük. Gedişat bizi razı sala bilməzdi. Həqiqətən də, futbolçuların üzərində təzyiq, qorxu hissi var idi. Heç kim yenidən məğlubiyyətlə üzləşmək istəmirdi. Futbolçular “Şamaxı” ilə matça yaxşı kökləndilər, özlərini psixoloji cəhətdən görüşə hazırlaya bildilər. Düşünürəm ki, 1-ci dəqiqədən 90-cı dəqiqəyədək oyuna diqtə edə bildik və layiqli qələbə qazandıq. İnşallah, ardı gələr.

– “Səbail” çempionatın ilk dövrəsini cəmi 7 xalla tamamladı. Yəqin ki, bu nəticə sizi qane edə bilməz. Maraqlıdır, çempionat başlamamışdan öncə ilk dövrədə neçə xal toplayacağınızı ehtimal edirdiniz?

– Hər bir məşqçi maksimum nəticə əldə etmək istəyir. Birinci dövrədə göstərdiyimiz oyunla qazandığımız xal sayı tərs mütənasibdir. Çünki göstərdiyimiz futbol 7 xala layiq deyildi. Ancaq nəzərə almaq lazımdır ki, komanda yenidən quruldu. Heyətdə daha çox 23-24 yaşlı futbolçular yer alıb. Oyunçular arasında meydandakı anlaşma hələ istədiyimiz səviyyədə deyil. Ən əsas da qapı və müdafə xəttində bu anlaşılmazlıq qabarıq şəkildə görünür. Bunun üçün çox işləmək lazımdır. Komandanın oyun sisteminə tam düşməsi üçün zamana ehtiyac var. Ən əsası odur ki, “Səbail” heç bir matçda rəqibdən zəif oyun göstərməyib. Uduzduğumuz görüşlərdə oyun baxımından yox, hesabda geri düşmüşük.

– 9 oyunda ümumilikdə 14 qol vurmusunuz və bu baxımdan əksər rəqiblərinizi qabaqlayırsınız. Əvəzində 17 qol buraxmısınız ki, bu göstəricidə yalnız “Kəpəz”dən öndəsiniz. Çox qol buraxmağınız “Səbail”in əsas probleminin müdafiə və qapı xəttində olduğunu göstərir. Bunu necə aradan qaldırmağı düşünürsünüz?

– Qolların çoxunu taktiki yox, individual səhvlərdən sonra buraxmışıq. Lüzumsuz qollar çox olub. Bunu da onunla əlaqələndirirəm ki, Rüfət Abdullazadəni çıxmaq şərtilə, əsas heyətdə yer alan futbolçuların 9-10-u ilk dəfədir bir yerdə oynayır. Sizinlə razıyam, bu qədər qol buraxmağımız məni də narahat edir. Ancaq hücumda yaxşı təsir bağışlayırıq. Çalışacağıq ki, arxa xətdə buraxdığımız səhvləri minimuma endirək. Bunun üçün zamana ehtiyac var. Müəyyən vaxtdan sonra hər şey öz yerini tutacaq.

– Millinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə “Səbail”in lehinə olacaq, ya əleyhinə?

– Fasilə səhvlərimizi aradan qaldırmaq üçün yaxşı fürsətdir. Bundan səmərəli istifadə etməyə çalışırıq. Son oyundakı qələbə komandada özünəinam hissini artırıb. Futbolçular qorxu, təzyiq hissini üstlərindən ata biliblər. Bundan sonra komanda rahat oynayacaq və rahat oynadıqca uğurlu nəticələr qazana biləcək.

– Fasilədən sonra ilk oyununuz “Neftçi”yə qarşı olacaq. Cari mövsümdə qələbə qazanan bilməyən tək komanda ilə görüşdə 3 xal əldə edə biləcəksiniz?

– “Neftçi” son vaxtlar oyun və nəticələr baxımından zəif təsir bağışlasa da, ad və heyət baxımından futbolumuzun flaqmanı olaraq qalmaqdadır. Rəqib keyfiyyətli oyunçulara malikdir. Bizim üçün asan oyun olmayacaq. “Neftçi” “qara zolaq”dan çıxmağa çalışacaq. Hər iki tərəf üçün vacib görüşdür.

– İlk dövrə “Səbail”in çempionatda qalmaq uğrunda oynayacağını göstərdi. Bu mənzərə aldadıcı ola bilərmi? “Səbail” çempionatın qalan hissəsində iddiasını artırmağı, turnir cədvəlində yuxarı pillələrə yüksəlməyi bacaracaq?

– Topladığımız xal sayı və qərarlaşdığımız yer çempionatda qalmaq uğrunda oynadığımızı göstərə bilər. Amma bayaq qeyd etdiyim kimi, komandanın oyun keyfiyyəti göstərir ki, “Səbail” daha artıq xala layiqdir. Komanda getdikcə daha yaxşı oyun göstərəcək və nəticələr də yaxşılaşacaq. Oyun varsa, gec-tez nəticə də gələcək. Düşünürəm ki, o nəticələr çox da uzaqda deyil. Komanda düz yoldadır. İnanıram ki, artıq “qara zolaq”dan tam çıxa bilmişik. Çempionatın qalan hissəsində daha çox xal qazanaraq, turnir cədvəlində orta pillələrə qalxmağa cəhd edəcəyik. Hər oyuna sonuncu matç kimi yanaşacağıq.

FƏRİD

Shares: