Adı müxtəlif məşqçilərlə yanaşı hallanan “Neftçi”ni çalışdırmağa daha bir namizədin adı bəlli olub. Samir Abasov və Abdullah Avcıdan sonra Bakıya gələcəyi iddia edilən Hakan Yakındır.
Futbolinfo.az xəbər verir ki, İsveçrə millisinin sabiq üzvünün “Neftçi” ilə danışıq apardığı iddia olunur. Türk əsilli mütəxəssisin xidməti menecerlər tərəfindən təklif olunub, onunla təmaslar yenicə başlayıb.
Futbolçu karyerası ərzində İsveçrə, Fransa, Almaniya, Türkiyə və Qətər klublarında oynamış Hakan, məşqçi kimi bir il “Şaffhauzen”də çalışıb. Bunadək yalnız köməkçi olan Yakının baş məşqçi kimi növbəti iş yeri “İstanbulspor” olub. Türkiyədə cəmi 6 ay duruş gətirən mütəxəssis yanvardan etibarən işsizdir.
İsveçrə millisinin baş məşqçisi olan Murat Yakının qardaşı uğursuz dönəmdən “Neftçi”də çıxmaq niyyətindədir. Amma bakılılar onunla anlaşmağa isti yanaşmır.